Leninqrad vilayətinin hakimiyyəti bölgədəki bomba sığınacaqlarının siyahısını dərc edib. Moskva dayanacaqlarından bir hissəsinin isə bomba sığınacaqları üçün boşaldıldığı bildirilir

Dünən Belqorod, o biri gün Kursk, indi də Leninqrad vilayəti?..

Beləliklə, Leninqrad vilayətinin hakimiyyət orqanları bölgədəki qoruyucu strukturların, yəni ruslar demiş “bombaubejişi”lərin siyahısını tərtib edərək dərc ediblər.

Siyahıda sığınacaqların ünvanları, onların sahəsi və tutumu, habelə bu binalara cavabdeh olan təşkilatların adları göstərilir. Ümumilikdə reyestrə 3454 obyekt daxil edilib, onlarda dörd milyondan çox insan gizlənə bilər.

Qeyd edək ki, regional hökumət bildirir ki, siyahı mülki müdafiə planının dəqiqləşdirilməsi işlərinin bir hissəsi kimi tərtib edilib. Hazırda rayonda sığınacaqların nişan və işarələrlə təchiz olunması istiqamətində işlər davam etdirilir.

Yeri gılmişkən, bir müddət bundan əvvəl Rusiyanın Ukrayna ilə həmsərhəd şəhərlərində bomba sığınacaqlarının yerini göstərən lövhələr peyda olub.

Amma ən maraqlısı isə, artlq Moskva dayanacaqlarından bir hissəsinin bomba sığınacaqları üçün boşaldıldığı bildirilir.

Hətta bəzi xarici nəşrlər, artıq Moskva hakimiyyətinin sığınacaqları göstərmək üçün yeni lövhələr sifariş verdiyi barədə yazırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə