Fransa Avropa Birliyindən çıxmalıdır!

Qollist siyasətçi Florian Filippo Fransanı Brüsselin Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyinə görə Avropa Birliyinə üzvlükdən imtina etməyə çağırıb.

Əvvəla qeyd edim ki, qollizm bu gün Fransada general de Qollun ideya və hərəkətlərinə əsaslanan fransız siyasi ideologiyasıdır. Belə ki, həmən ideologiya “daşıyıcısı” olan Filippo Fransanın Avropa Birliyindən çıxmaqla bağlı çağırışını öz “Twitter” səhifəsində yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, yazısında Avropa İttifaqının Macarıstanı 13 milyard avrodan məhrum etməklə hədələdiyini və bunun respublikanı “çox ağır böhran” vəziyyətinə salacağını yazır.

“Bəhanələrin arxasında əsl səbəb dayanır: Macarıstan Ursula ilə Zelenskiyə tam dəstək məsələsində razılaşmır”-yazan Filippo Avropa Birliyinin “totalitar”lığını önə çəkərək, buna görə də Fransanın onu tərk etməli olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyinin Ukraynaya 2023-cü ildə 18 milyardlıq yardım paketi təqdim etmək planının həyata keçirilməsinə mane olacağını bildirmişdi. Macar baş nazir, alternativ olaraq hər bir ölkənin öz büdcəsindən Ukraynaya yardım ayırmasını təklif edib.

Yeri gəlmişkən, bu gün Macarıstan baş nazirinin rusiyapərəst mövqeyi Varşava ilə gərginliyin artmasına səbəb olmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə