BMT ehtiyacı olanlara kömək üçün rekord məbləğdə 51,5 milyard dollar istəyir

Belə görünür ki, dünya hələ ki, duza gedir...

Beləliklə, gələn, 2023-cü ildə 68 ölkədə 339 milyon insanın köməyə ehtiyacı olacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits deyib.

Qeyd edək ki, 2023-cü ildə dünyanın ən həssas 230 milyon insanına humanitar yardım göstərmək üçün rekord miqdarda, 51,5 milyard dollar lazım olacaq. Onu da qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə 25 faiz çoxdur.

Yeri gəlmişkən, yardıma ehtiyacı olanların sayı 2022-ci ildə 65 milyon nəfər artıb ki, bu da ilk növbədə Ukraynadakı müharibə, COVID-19 pandemiyası və iqlim dəyişikliyi ilə bağlıdır.

Martin Griffiths qeyd edib ki, yardım təkcə münaqişələr və xəstəliklərin yayılması ilə üzləşən insanlara deyil, həm də iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkənlərə, məsələn, quraqlıqla üzləşən Somali yarımadasının əhalisinə və Pakistan xalqına da lazımdır.

Maraqlıdır ki, bu gün dünyada ilk dəfə olaraq köçkün və qaçqınların sayı 100 milyonu keçib. COVID-19 pandemiyası isə yoxsulların həyatına təsir etməkdə davam etməkdədir.

Bu arada Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi, bu ilin sonuna qədər 53 ölkədə ən azı 222 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşəcəyini bildirib. Hazırda isə 37 ölkədən olan 45 milyon insan aclıq təhlükəsi altındadır.

Bu gün Ukraynada yaşayan 13,6 milyon insanın humanitar yardım aldığını deyən Martin Qriffits, 2023-cü ilə qədər bu ölkə üçün ümumilikdə 5,7 milyard dollar tələb olunacağını qeyd edib.

BMT səlahiyyətlisi onu da qeyd edib ki, donorlardan tələb olunan məbləği tam almaq “çox çətin” olacaq. Nümunə üçün deyək ki, bu il BMT-nin Qlobal Humanitar Müraciətinin cəmi 47 faiz maliyyələşdirilib.

Əslinə qalanda, BMT-nin donor kimi təqdim etdiyi təşkilat və ya qurumlar heç vaxt maliyyələşmə məsələsində aktivlik nümayiş etdirməyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə