Rusiyalı ekspertlərdən “russayağı proqnozlar”

Keçmiş xüsusi təyinatlı zabit, istefada olan polkovnik, indi isə hərbi ekspertlik edən Anatoli Matviyçuk bu ilin sonuna kimi Rusiyanın Ukraynada hələ bir neçə prioritet vəzifə yerinə yetirəcəyini bildirib. Onun fikrincə, əsas məsələ Kiyev dövlətinin belə məhv edilməsidir.

Matviyçuk hesab edir ki, məhz bunun üçün Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji və dövlət həyatının təminatı sistemlərinə kütləvi zərbələr endirməyə başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Matviyçuk Ukraynanın staxanovçu templə iflasa sürüklənəcəyinə əmindir. Rusiyalı hərbi ekspertə görə, guya Kiyev nəinki hərbi funksiyalarını, həm də öz sosial funksiyalarını yerinə yetirə bilmədi.

Qeyd edək ki, Matviyçukun proqnozuna görə, rus ordusunun Xarkov və Çerniqov istiqamətlərində irəliləyiş üçün yeni cəhdləri olacaq, ardınca isə Ukraynanın sahilyanı şəhərləri məcburi tutulacaq.

Xatırladaq ki, bir müddət bundan əvvəl başqa bir rusiyalı hərbi ekspert Vasili Dandıkin, Rusiya Aerokosmik Qüvvələrinin Ukraynadakı dəmiryol qovşaqlarına endirdiyi zərbələrin təmas xəttinə təsir etdiyini bildirmişdi. Onun fikrincə, Rusiya ordusunun zərbələri Ukrayna hərbçilərinin yenidən qruplaşmasına, arxa cəbhəyə və Avropa ölkələrinə təmir üçün texnika çıxarmasına, həmçinin döyüş sursatı çatdırılmasına imkan vermir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə