Hazırda Ukrayna üçün əsas vəzifə NATO-ya daxil olmaq deyil, müstəqilliyini qorumaqdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq blokun xarici işlər nazirlərinin Rumıniyada keçirilən iki günlük iclasının yekunları üzrə bildirib.

“Ukraynanın Avropada müstəqil dövlət kimi yaşaması vacibdir. Bunun üçün biz Ukraynaya mümkün qədər çox hərbi, maliyyə və iqtisadi yardımı səfərbər etməliyik. Biz bunu edirik”, - deyə Stoltenberq bildirib.

Baş katib vurğulayıb ki, əgər Ukrayna müstəqil dövlət kimi qalmasa, o zaman onun NATO-ya üzvlük məsələsi qaldırılmayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Ali Radası Kiyevin alyansa qoşulmaq ərizəsini 11 ölkə - Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Latviya, Estoniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya tərəfindən dəstəkləndiyini bildirmişdi.

Yeri gəlmişkən, Stoltenberq Ukraynanın yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra bloka üzv ola biləcəyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə