Ermənistan Avropada nə axtarır? - DOĞRU SUAL

Bakı Parisin mümkün vasitəçiliyindən imtina edir

Ermənistan məğlub ölkədir. 44 günlük müharibədə darmadağın oldu, hərbi potensialına ciddi zərbə dəydi, ordusu paşıpozuq dəstə kimi pərən-pərənə düşdü. 30 il ərzində aldığı dəstək məğlubiyyəti ilə sona yetdi, İrəvanın məğlubiyyətini görən donor təşkilat və ölkələr ilk aradan çıxanlar oldu. Ermənistan rəzil günə düşdü, iqtisadiyyatı ağır məğlubiyyət səbəbindən çökdü... Bu gün isə Ermənistanın rəhbərliyində təmsil olunanların sorağı Avropanın, Amerikanın hökumət qapılarından gəlir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Fransaya "işgüzar" səfəri başa çatıb. O, Fransa Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələri ilə görüşüb. Parisdən isə Almaniyaya gedəcək. Yəqin ki, eyni proqramla. Qriqoryanın Avropa səyahəti Ermənistan-Azərbaycan münaqişəsinin yeni kəskinləşməsi fonunda baş verir. Bu, öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan imtina etməsindən sonra başlayıb.

İlham Əliyev Paşinyanla danışıqlardan imtinanın səbəblərini açıqlayaraq, Fransa prezidenti Emmanuel Makronun onlarda iştirakında israrlı olan Ermənistanın baş nazirinin durumuna görə mümkün olmadığını bildirib. Azərbaycan Fransanı Ermənistan-Azərbaycan münaqişəsində qərəzli hesab edir və bu, Parisin anti-Azərbaycan bəyanatlarında, xüsusən də Fransa Senatının Bakıya qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qətnaməsində öz əksini tapır. Azərbaycan Prezidentinin sözlərinə görə, bütün bunlar Fransanın sülh prosesində iştirakını qeyri-mümkün edir və Paşinyanın Makrondan vasitəçilik tələbi sülh danışıqlarını pozmaq cəhdidir.

Parisin özünü danışıqlar prosesinə dürtmək cəhdindən sonra İlham Əliyevin görüşdən imtinası Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsini qaçılmaz edib. Ötən dövrün təcrübəsi onu deməyə əsas verir ki, proses Azərbaycanın ssenarisi üzrə getməyəndə əzələ nümayişi işə düşür. Son iki gün ərzində sərhəd bölgəsində mövqelər atəşə tutulub. Ermənistanın iddiasına görə, İki əsgər yaralanıb. Qarabağda da narahatlıq hökm sürür, burada bir neçə yaşayış məntəqəsindən gələn məlumatlara görə, bəzi yerlərdə texnika və canlı qüvvənin cəmləşdiyi müşahidə olunur.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, Armen Qriqoryan Fransa və Almaniyaya səfəri zamanı Paris və Berlinin dəstəyini almağa hesablanıb. Üstəlik, KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) İrəvan nəhayət, məyus olub. Bunu Paşinyanın həm alyansın son İrəvan sammitində, həm də ondan sonra verdiyi açıqlamaları sübut edir. Amma avropalılardan hansı əməli yardım ola bilər və buna ümid etməyə dəyərmi, bəlli deyil.

Ermənistanın keçmiş müdafiə naziri, parlamentin müxalifətdəki “Ermənistan” fraksiyasına rəhbərlik edən Seyran Ohanyan vəziyyəti şərh edərkən KTMT-dən əl çəkməmək lazım olduğunu deyib və qeyd edib ki, müxalifətin də bu quruma iddiaları var. “Ermənistanın baş nazirinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaması Ermənistanın alyansa sədrlik etməsinə və bu müddət ərzində istədiyi sənədi razılaşdıra bilməməsinə baxmayaraq, Ermənistanın özünə mənfi təsir göstərə bilər", Ohanyan bildirib.

O, hər şeyə rəğmən, KTMT-nin müəyyən təcrübə və ənənələrə, əməkdaşlığa malik olduğunu, “hərbi-siyasi birliklərin təkcə xarici deyil, həm də daxili məsələləri koordinasiya etmək üçün yaradıldığını” vurğulayıb. Ohanyan NATO və KTMT-ni müqayisə edib və vurğulayıb ki, 70 ildən artıq tarixə baxmayaraq, Şimali Atlantika Alyansının da ciddi problemləri var. “KTMT Ermənistanla Azərbaycan arasındakı münasibətlər, sərhəd vəziyyəti, sərhəddə effektiv müdafiə xəttinin formalaşdırılması, mühəndis texnikası ilə məşğul olmamalıdır. Bununla Ermənistanın hərbi-siyasi rəhbərliyi məşğul olmalıdır. Erməni əsgərləri və erməni komandirləri Ermənistanın sərhədində dayanmalıdırlar, nəinki Avropa İttifaqının bir qrup müşahidəçisi və ya KTMT-nin üzvü olan hər hansı ölkənin əsgəri”, - Ohanyan bildirib.

Bu günlərdə Qarabağda baş verən əsas hadisə - Ruben Vardanyan adlı qanun qaçağının təşkil etdiyi kadr dəyişikliyidir. Separatçıların qurduğu qanunsuz hökumətin demək olar ki, bütün "nazirləri" işdən çıxarılıb. Şayiələrə görə, Vardanyan yeno komanda formalaşdırır. Kimə qarşı, bəllidir. Əgər komanda formalaşırsa, deməli yaşadığı dövlətə qarşı çıxmaq, yeni toqquşmalar yaratmaq istisna deyil. Deməli yeni müharibə də qaçılmazdır.

VƏLİ V.

Bütün xəbərlər Facebook səhifəmizdə