ABŞ-ın idarə olunan raket kreyseri Çin sularına daxil olub

ABŞ-ın idarə olunan “Chancellorsville” raket kreyseri "qanunsuz olaraq" Cənubi Çin dənizindəki Nanşa adalarına bitişik Çin sularına daxil olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çin Xalq Azadlıq Ordusunun Döyüş Komandanlığının Cənub Bölgəsinin rəsmi nümayəndəsi Tyan Cunli bildirib.

“ABŞ hərbçilərinin hərəkətləri Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozub ki, bu da ABŞ-ın naviqasiya hegemonluğu və Cənubi Çin dənizinin hərbiləşdirilməsi istəyinin daha bir təkzibedilməz sübutudur”.

Qeyd edık ki, bunu bildirən çin rəsmisi sonradan Amerika kreyserinin Çinin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin müşayiəti ilə Nanşa adaları yaxınlığındakı suları tərk etdiyini bildirib.

Maraqlıdır ki, Amerika tərəfi kreyser tərəfindən sərhədi pozması ilə bağlı Çinin bəyanatını təkzib edib. ABŞ Hərbi Dəniz Qüvvələri Pekinin bəyanatını “yalan” və “ABŞ-ın qanuni dəniz əməliyyatlarını təhrif etmək üçün Çin Xalq Respublikasının uzun müddət davam edən hərəkətlərinin sonuncusu” adlandırıb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl İngiltərənin “Financial Times” nəşri ABŞ-ın NATO ölkələrini Çinə qarşı siyasətini sərtləşdirməyə çağırdığı barədə material dərc etmişdi.

Belə ki, nəşr, son həftələr Vaşinqtonun alyans üzvlərinin Çinə qarşı ritorikasını sərtləşdirmək və Pekini cilovlamaq üçün konkret tədbirlər üzərində işləməyə başlamaq üçün təşviqat apardığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə