“Deyirəm, çağırın, meydana Ramzan gəlsin!”

Bu arada Ukraynadakı müharibədən danışan Roma Papası Fransisk çeçenləri və buryatları “Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi” adlandırıb və “ölənlər varsa, demənli, onlara əzab verənlər də olmalıdır” –deyə əlavə edib.

SİA-nın əldə etdiyi məlumata görə, papa bu açıqlamasını Amerika nəşrinə danışarkən deyib.

“Ukraynadan danışanda müharibədə öldürülən bir xalqdan danışıram. Öldürülən insanlar varsa, onlara əzab verən də var.

Mən Ukraynadan danışanda vəhşilikdən də danışıram, çünki cəbhəyə gətirilən qoşunların vəhşiliyi ilə bağlı çoxsaylı məlumata sahibəm. Bir qayda olaraq, bu gün Ukrayna cəbhəsində Rusiyadan olan, lakin rus “ənənəsinə sadiq olmayan” ən qəddar, döyüşçülər çeçen və buryatlardır”.

Maraqlıdır, bunları deyən papa Fransisk, niyə bəs, əgər doğrudan da çeçen və ya buryatlarda bu qəddarlıq varsa, bunun haradan qaynaqlandığı barədə bir kəlmə də olsun danışmır?

Axı, papa bilməmiş olmaz, bu millətin nümayəndələrinə, deyək ki, elə çeçenlərə qəddarlığı aşılıyanlar ruslarla yanaşı, bu gün onun təmsil etdiyi din nümayəndələrinin tarixə “səlib yürüşləri” kimi daxil olan katoliklərin qəddar yürüşləri olmayıbmı?

Və yaxud, buryatlar. Axı buryatlar da 1581-ci ilə qədər, rus cəlladı Yermak Timofeeviç öz quldur dəstəsi ilə onların torpaqlarını zəbt edənə qədər, qəddarlıqdan uzaq öz həyatlarını yaşamırdılarmı?

Burada adam papadan soruşmaq istəyir: bəlkə, elə Ukraynaya qarşı müharibəni də, “humanist” ruslar yox, elə “qəddar” çeçenlərlə buryatlar başlayıb?

Yeri gəlmişkən, bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rus saytlarına verdiyi şərhdə papanın sözlərini “həqiqəti hədsiz dərəcədə təhrif etmək” adlandırıb.

“Bu artıq rusofobiya deyil, bu pozğunluqdur, hansı səviyyədə olduğunu da bilmirəm. Yadınızda saxlayın, 90-cı illərdə - 2000-ci illərin əvvəllərində bizə tam əksini deyirdilər. Yəni rusların, ümumiyyətlə slavyanların Qafqaz xalqlarına işgəncə verdiklərini deyirdilər, indi isə ruslara işgəncə verənlərin Qafqaz xalqları olduğunu deyirlər”.

Bunu da Zaxarova deyib.

Öz növbəsində Buryatiyanın rəhbəri Aleksey Tsıdenov da Buryatiyadan olan döyüşçülərin öz borclarını şərəflə yerinə yetirdiklərini və Rusiya ordusunun ən yaxşı ənənələrinin nümunəsi olduqlarını bildirib.

“Katolik kilsəsinin rəhbərinin konkret millətlərin - yəni buryatların və çeçenlərin mülki əhalini müdafiə edən qəddarlığı ilə bağlı qiymətləndirməsini eşitmək ən azı qəribədir. Əslində tarixdə şəhərlərin, ölkələrin və hətta xalqların bu gün özlərini sivil xalqların nümayəndələri hesab edən katoliklər tərəfindən dağıdılması barədə bu gün çoxlu nümunələr məlumdur”.

Qeyd edək ki, bunu da Buryatiyanın rəhbəri Aleksey Tsıdenov bəyan edib.

Maraqlıdır, bəs, Ramzan hanı? Başqa vaxtlar, yerli-yersiz və hətta ona dəxli belə olmayan məsələlərə müdaxilə edərdi.

“Deyirəm, çağırın, meydana Ramzan gəlsin!”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə