Urumçidə uyğurların faciəli ölümündən sonra etirazlar artmaqdadır

Şanxaydan başqa, ölkənin çoxsaylı universitet şəhərciklərində yanğın qurbanları üçün xatirə və etiraz aksiyaları təşkil edilib
Urumçidə uyğurların faciəli ölümündən sonra etirazlar artmaqdadır

Çinin Sincan-Uyğur Muxtar Vilayətinin mərkəzi Urumçidə karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfərin həyatını itirməsindən sonra ölkədə “Covid-19” tədbirlərinə etirazlar və reaksiyalar artır.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, noyabrın 26-sı axşamı ölkənin ən böyük şəhəri Şanxayda Anfu rayonunun Orta Urumçi küçəsində yanğında həyatını itirənlərin xatirəsini yad etmək və karantin siyasətinə etiraz etmək üçün toplaşan kütləyə polis müdaxilə edib.

Sosial mediada yayılan videolarda küçəyə toplaşan 300-ə yaxın nümayişçinin səkidə şam yandıraraq “Covid-19” siyasətini tənqid edən və ifadə azadlığını müdafiə edən şüarlar səsləndirərək yanğın qurbanlarını yad etdiyi görünür.

Hadisə yerinə gedən polis kütləyə gözyaşardıcı qaz sıxıb, nümayişçilərdən bir neçəsi nəzarətə götürülüb.

Şanxaydan başqa, ölkənin çoxsaylı universitet şəhərciklərində yanğın qurbanları üçün xatirə və etiraz aksiyaları təşkil edilib. Yüzlərlə tələbə Jiangsu əyalətindəki Nancing Radio-Televiziya Yayım Kollecində xatirə mərasimi üçün toplaşıb.

Urumçi şəhərində baş verən yanğın Çində “Covid-19” tədbirlərinə qarşı artan iğtişaşlar sərt reaksiyalara çevrilib.

Xatırladaq ki, noyabrın 24-də Tyanşan rayonunda yaşayış kompleksində elektrik naqilindən baş verdiyi ehtimal edilən yanğında 10 nəfər ölüb, 9-u yaralanıb. Yanğın baş verən mənzilin sakinlərinin karantin səbəbindən evlərini tərk edə bilməmələri, yanğınsöndürənlərin isə metal sədlər və şlaqbaumlarla əhatə olunmuş kompleksə daxil olmağı bacarmamaları yanğına vaxtında müdaxiləni gecikdirib və nəticədə insanların yanaraq ölməsilə faciə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə