“Ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidir”

Fransa prezidenti Emmanuel Makron Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasında rolunu vurğulayıb söyləyib: "Türkiyənin vasitəçiliyi ilə müzakirə edilən Qara Dəniz Taxıl Anlaşmasının 120 gün uzadılması da çox ehtiyacı olan ölkələrə kömək etmək üçündür. Bu təşəbbüs davam etdirilməlidir". SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Twitter”də paylaşdığı videoda sovet rejiminin 1932-1933-cü illərdə Ukraynada milyonlarla insanı aclıqdan ölməyə məcbur etdiyi Qolodomor faciəsinə toxunan E.Makron deyib: “Fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsi dünyanı qida böhranı təhlükəsi ilə qarşı-qarşıya qoyub. Ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidir.

Avropa İttifaqı (Aİ) həmrəylik dəhlizləri ilə indiyədək Ukraynadan 15 milyon ton taxıl alınıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün Türkiyənin vasitəçiliyi sayəsində 120 günlük uzadılması da ən çox ehtiyacı olan ölkələrə kömək etmək məqsədi daşıyır. Bu təşəbbüs davam etdirilməlidir.

Ukraynanın Somaliyə bağışladığı 25 min ton taxılın daşınması üçün Fransa 14 milyon dollar verib. BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən Ukrayna taxılının Yəmən və Sudana sövqiyyatı və paylanması üçün Fransa 6 milyon avroluq əlavə yardım da edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə