“Bu üsyançılar ya cahildir, ya da muzdlu”

İranda 22 yaşlı Məhsa Əmininin saxlanıldıqdan və ölümündən sonra başlayan nümayişlər ölkənin bir sıra universitetlərində davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Tehrandakı Əmir Kəbir Texniki Universitetində dərsləri və imtahanları boykot edən tələbələr dostlarının həbsinə etiraz olaraq oturaq aksiya keçiriblər. Tələbələr məktəbə uzaqlaşdırmaların dayandırılması və həbsdə olan dostlarının azadlığa buraxılması tələbləri yerinə yetirilənə qədər oturaq aksiyanı davam etdirəcəklərini bildiriblər.

Paytaxtdakı Əllamə Təbatəbayi Universitetinin Ədəbiyyat fakültəsinin tələbələri etirazlarını davam etdirərək “Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü” ilə bağlı 25 noyabr – 10 dekabr tarixləri arasında keçirilən “16 günlük fəallıq kampaniyası” çərçivəsində “16 narıncı gün” başlığı ilə fakültəni narıncı simvol və yazılarla bəzəyiblər.

İsfahan Texniki Universitetində yüzlərlə tələbə şüarlar səsləndirərək yürüş keçirib.

Elm və Mədəniyyət Universitetinin tələbələri nümayişçilərin öldürülməsinə qarşı etiraza çıxıblar.

Amolda Yeni Texnologiyalar Universitetində dərsləri və imtahanları boykot edən tələbələr nizam-intizam komitəsinə çağırılıb.

Şəhid Beheşti Universitetinin tələbələri İnqilab Mühafizləri Ordusuna bağlı könüllü milis qüvvələri - Beşiçin üzvü olan tələbələrin fotoşəkillərinin yer aldığı "İftixar lövhə"sinin üzərinə nümayişlərdə həyatını itirən və həbsdə olan dostlarının adlarını asıblar.

İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xamenei Tehranda İnqilab Keşikçiləri Ordusuna bağlı könüllü milis qüvvələri olan Basicin üzvlərini qəbulunda etdiyi çıxışında deyib: "Üsyançılarla mübarizə Basicin ən mühüm vəzifələrindən biridir. İranın döyüş meydanı küçələrdəki bir neçə üsyançı ilə məhdudlaşmır. Lakin onlara məhəl qoymamaq da olmaz. Hər üsyançı və terrorçu cəzalandırılmalıdır. Onlar ya cahildir, ya da muzdlu. Ölkədə baş verənlər Qərbin İrana etdiyi təzyiqlərin bir hissəsidir”.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən hicab qaydalarına əməl etmədiyi üçün saxlanıldıqdan sonra vəziyyəti pisləşən və aparıldığı xəstəxanada dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ölkədə hökumətə qarşı etirazlara səbəb olub.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı noyabrın 22-də nümayişlərdə 416 nəfərin öldürüldüyünü açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə