Polis əməliyyatlarında 10 nəfər həlak olub

Braziliyanın gecəqondu məhəllələrində narkotik qaçaqmalçılarına və cinayət təşkilatlarına qarşı polisin həyata keçirdiyi əməliyyatlarda 10 nəfər ölüb, 2-si polis olmaqla 10 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ölkənin Rio de Janeyro əyalətinin Mare, Morro do Juramento və Niteroi bölgələrində “Favelas” adlı gecəqondularda cinayətkar təşkilatlara qarşı əməliyyat keçirib.

Hərbi Polisdən verilən açıqlamada Maredə keçirilən əməliyyatda 1 nəfərin öldüyü, 1-i polis olmaqla 4 nəfərin yaralandığı, 3 tona yaxın sirr, iki əl qumbarası, avtomat tüfəng və silahların ələ keçirildiyi bildirilib. Morro do Juramentoda narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatda asayiş keşikçilərinin atəşə tutulması nəticəsində qarşıdurma baş verib, 6 nəfər ölüb, bir polis yaralanıb. Niteroyda patrulluq edən polisin atəş açması nəticəsində baş verən qarşıdurmada 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı açıqlanıb.

Braziliyada silahlı münaqişələri izləyən Fogo Cruzado-nun məlumatına görə, 2017-ci ildən bəri Rio-de-Janeyroda polisin keçirdiyi 250 əməliyyatda 1000-dən çox insan həlak olub. Bir çox insan haqları təşkilatı təhlükəsizlik qüvvələrinin favelalara qarşı keçirdiyi əməliyyatlarda mümkün polis pozuntularının araşdırılması üçün araşdırma tələb edir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə