İranlı futbolçu “dövlət əleyhinə təbliğat”a görə həbs edilib

İranda tanınmış futbolçu, milli komandanın sabiq futbolçusu Vuriya Qafuri həbs edilib. O, “dövlət əleyhinə təbliğat”da ittiham olunur. Qafuri açıq şəkildə İranın demokratikləşməsi, qadın hüquqlarının müdafiəsi və sentyabr ayından İranda keçirilən etirazçılara dəstək olduğunu bildirib. Qeyd edək ki, o, İranın ən məşhur idmançılarından biri kimi təqdim edilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Vuriya Qafuri İranda təzyiqlərə məruz qalan kürd azlığına mənsubdur. Futbolçu karyerası boyu İranın demokratikləşməsinin tərəfdarı olduğunu bildirib.

Xüsusilə də, o, ölkədə qadınların kişilərin futbol matçlarına gəlməsinə və onlara baxmasına qadağa qoyulmasının əleyhinə idi.

Qeyd edilir ki, Qafuri İranın ölkəyə beynəlxalq sanksiyalar gətirən xarici siyasətini də bəyənməyənlər idi. Sentyabrda kürd əsilli 22 yaşlı hüquq müdafiəçisi Məhsa Əmininin ölümündən sonra Qafuri onun ailəsinə başsağlığı verməklə yanaşı dəfələrlə etirazçılara da dəstək nümayiş etdirib.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatında İran millisi İngiltərə ilə oyundan əvvəl dövlət himnini oxumaqdan imtina edib. Qeyd edilir ki, qərar komanda tərəfindən İranda keçirilən kütləvi etiraz aksiyalarının iştirakçıları ilə həmrəylik olaraq yekdilliklə qəbul edilib. Maraqlıdır ki, azarkeşlər də idmançıların bu əməlini alqışlarla qarşılayıblar.

Yeri gəlmişkən, artıq üçüncü aydır ki, paytaxt Tehran da daxil olmaqla ölkənin hər yerində iranlılar polis zorakılığına , İran hakimiyyətinin fərqli fikirlərə qarşı mübarizəsinə, hazırkı dövlət başçısı Ayətullah Əli Xameneinin devrilməsi uğrunda mübarizəni davam etdirirlər.

Onu da qeyd edək ki, İran polisi müxalifləri vəhşicəsinə təqib edir. Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar zamanı dövlət təhlükəsizlik qüvvələri azı 326 nəfəri, o cümlədən 43 uşaq öldürüb. 15 mindən çox adam həbs olunub. Noyabrın 14-də isə İran məhkəməsi etirazçıya qarşı ilk ölüm hökmü çıxarıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə