NATO Ukraynaya bu qışı keçirməyə kömək edəcək

“NATO Rusiyaya qarşı özünü müdafiə etmək üçün Ukraynaya nə qədər lazımdırsa, kömək edəcək”. SİA xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclasından əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 30 ölkədən təhlükəsizlik təşkilatının üzvləri Ukraynaya yanacaq, generatorlar, dərman preparatları, qış avadanlıqları və dronlara qarşı qurğular tədarük edir.

Stoltenberq bildirib ki, qış yaxınlaşdıqca daha çox köməyə ehtiyac olacaq. Xüsusən də Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumu ilə bağlı daha çox dəstək lazım gələcək.

“NATO Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcək. Biz geri çəkilməyəcəyik. Müttəfiqlər görünməmiş hərbi dəstək verirlər və mən ümid edirəm ki, xarici işlər nazirləri də bu güclü dəstəyi artırmağa razılıq verəcəklər”, - deyə Stoltenberq vurğulayıb.

“Müharibələrin çoxu danışıqlarla yekunlaşır. Danışıq masası arxasında baş verənlər döyüş meydanında baş verənlərdən asılıdır. Ona görə də müharibənin sülh yolu ilə həlli şanslarını artırmağın ən yaxşı yolu Ukraynanı dəstəkləməkdir”, - deyə Stoltenberq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə