Rusiya neftinin qiyməti kəskin ucuzlaşıb

Rusiya neftinin qiyməti kəskin ucuzlaşıb

Avropa sanksiyalarının gözlənilən qüvvəyə minməsi fonunda Rusiya neftinin qiyməti kəskin şəkildə aşağı düşür. Cümə axşamı, noyabrın 22-də Novorossiysk və Primorskdan göndərilən “Urals” markalı neftin qiyməti 2020-ci ilin sonundan bəri ən aşağı göstərici olan 52 dollar/barelə düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” “Argus” qiymət agentliyinin məlumatlarına istinadən yazır.

Qeyd edilir ki, bu səviyyə əksər Avropa ölkələrinin təklif etdiyi qiymət tavanından xeyli aşağıdır. Məsələn, son məlumatlara görə, Polşa 30 dollarda israr etsə də, müzakirə 65-70 dollar/barel kəsimindən gedir.

Lakin mübahisələrə baxmayaraq, dekabrın 5-dən qüvvəyə minəcək sanksiyalar faktının özü açıq-aydın treyderləri əsəbləşdirir. “Urals” artıq “Brent” benchmarkından 30 dollardan çox geridədir, lakin Rusiyanın büdcəsində nəzərdə tutulan 70,1 dollar/bareldən təxminən 20 dollar aşağıdır.

Xatırladaq ki, payızın əvvəlindən “Brent” 15 faiz (noyabrın 25-də bir barel üçün təxminən 85 dollar), “Urals” 28 faiz ucuzlaşıb.

Ehtimallara görə, əgər dinamika dəyişməsə, 2023-cü ildə üç trilyon rubl kəsirlə qəbul edilən Rusiya büdcəsi yeni sınaqla üzləşəcək.

Qeyd edək ki, Rusiya hakimiyyəti dəfələrlə neftin qiymətinin tavanına qoşulan ölkələrə neft satmaqdan imtina edəcəyini bildirib. Eyni zamanda, ekspertlər gözlənilən məhdudiyyətləri nəzərə almadan belə, Avropa şirkətlərinin gəmi sığortasından imtinasının Rusiya ixracının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacağını da gözləyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə