"Biz insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik"

"Biz insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik"

Çərşənbə günü Rusiyanın Ukraynaya kütləvi raket hücumu demək olar ki, bütün Moldovada elektrik enerjisinin kəsilməsinə səbəb olmasından sonra Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Hakimiyyət orqanlarının məlumatına görə, elektrik təchizatı sisteminin fövqəladə dayandırılması səbəbindən ölkənin yaşayış məntəqələrinin böyük əksəriyyəti elektrik enerjisiz qalıb. Moldovanın paytaxtı Kişinyovda ictimai nəqliyyat dayanıb, işıqforlar işləməyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Moldovada elektrik təchizatı rusların Ukraynaya atdıqları bombalardan təxminən bir saat sonra bərpa olunub.

Qeyd edək ki, özünü Dnestryanı adlandıran bölgə də işıqsız qalıb.

Yeri gəlmişkən, Moldova prezidenti Maia Sandu “Facebook” da Rusiya hakimiyyətini kəskin tənqid edib.

“Bizi qaranlıqda və soyuqda qoyan, başqa xalqları yoxsulluq və rüsvayçılıq içində saxlamaq istəyi ilə insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik. İndi nə qədər çətin olsa da, yeganə yolumuz, ölkəmizin gələcək yoludur. Bu yol Moldovanı azad dünyanın tərəfinə aparmalıdır”.

Xatırladaq ki bunları yazan Sandu, bütün texniki problemlərin aradan qaldırılacağına və evlərə işığın evlərə qayıdacağına söz verib.

Son həftələr Kişinyovda ölkənin Avropayönlü hakimiyyətini enerji böhranı və qiymət artımlarında ittiham edən müxalifət tərəfindən kütləvi etirazlar keçirilir. Hakimiyyət etirazların təşkilatçılarının, o cümlədən xaricdə olan milyarder İlan Şorun Rusiyaya bağlı olduğunu deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə