Polşa Lavrova icazə verməyəcək!

Polşa Lavrova icazə verməyəcək!

Varşava Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına icazə verməyəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ilk mesajı Azad Avropa/Azadlıq Radiosunun Brüsseldəki müxbiri Riçard Jozviak verib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yayımladığı bəyanatında bu qərarı “görünməmiş və təxribat xarakterli” adlandırıb.

Xatırladaq ki, görüşün dekabrın ilk günlərində Polşanın Lodz şəhərində keçirilməsi nəzərdə tutulub. Cümə günü Polşa Avropa İttifaqının sanksiyaları altında olan məmurların tədbirə qatılmasına icazə verməyəcəyini açıqlayıb.

Bildirək ki, Lavrov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra fevral ayında sanksiyalar siyahısına salınıb.

Onu da qeyd edək ki, hazırda ATƏT-ə Polşa sədrlik edir. Bu arada Rusiya Xarici İşlər Nazirliyi qəbul edilməməsi ilə bağlı qərarın sədr statusu ilə bir araya sığmadığını bildirib. Nazirlik təşkilatın digər üzvlərindən Varşavanın hərəkətlərini qiymətləndirməyi xahiş etdiyini bildirib.

Yeri gəlmişkən, bundan əvvəl də Polşa Rusiya parlamentarilərinin Varşavada ATƏT-in payız sessiyasında iştirakına mane olmuşdu. Maraqlıdır ki, Varşava bu addımını Ukrayna ilə həmrəylik prinsipinə zərər verə biləcəyi ilə əlaqələndirib.

Amma bütün bunların ATƏT-in öz funksiyalarını yerinə yetirməsinə mane olduğunu bildirən Moskva, Varşavanı bu hərəkətləri ilə “ATƏT-i uçuruma apardığını” deyib.

Bir daha xatırlama: Noyabrda Lavrovun G20 sammitində iştirakı ilə əlaqədar tədbir iştirakçıları ənənəvi birgə fotolardan imtina etdilər. Rusiya prezidenti Vladimir Putinin yerinə sammitə Lavrov gəldi. Moskva isə səbəb kimi, guya Rusiya prezidentinin gərgin iş qrafikini əsas gətirdi. Əslində isə, Kreml çox güman ki, siyasətçinin tədbirdə təcrid olunmasını istəməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə