Ümumtatar İctimai Mərkəzinin fəaliyyəti dayandırılıb

Ümumtatar İctimai Mərkəzinin fəaliyyəti dayandırılıb

Sentyabrın 14-də Tatarıstan Ali Məhkəməsinin Ümumtatar İctimai Mərkəzinin ləğvi ilə bağlı qərarı qüvvəyə minib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, noyabrın 14-də isə Ümumtatar İctimai Mərkəzi Rusiya Ədliyyə Nazirliyinin ekstremist təşkilatların federal siyahısına daxil edilib və onun Rusiyada fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan üzrə departamenti də bunu təsdiləyib.

Qeyd edək ki, mərkəzinin ləğvi ilə bağlı qərar Tatarıstan prokurorluğunun 15 yanvar 2021-ci il tarixli iddiası əsasında qəbul edilib. Tatarıstan Ali Məhkəməsi 2022-ci il iyunun 10-da onu təmin edib.

İddianın verilməsinə səbəb Tatarıstan Respublikası prokurorluğunun 2019-cu ilin Anım Günündə (Хәтер көне) tatar fəallarının çıxışlarında ekstremizm əlamətlərinin aşkar etmələri olub. Nəzarət orqanı həmçinin hesab edib ki, təşkilatın “nizamnaməsi” “ Tatarıstan Respublikasının müstəqillik əldə etməsi motivlərinin” aşkar edildiyi hərəkatın fəaliyyətinin ekstremist xarakter daşımasından xəbər verir.

Bundan əvvəl Rusiya Ədliyyə Nazirliyi yanında Rusiya Federal Məhkəmə Ekspertizası Mərkəzi Tatarıstan Prokurorluğunun iddiasına baxılması çərçivəsində ekspertiza keçirib. Ekspertlər belə qənaətə gəliblər ki, “Ümumtatar İctimai Mərkəzinin fəaliyyəti Tatarıstanın Rusiyadan ayrılması üçün tədbirlər görülməsi zərurətini təşviq etməyə yönəlib”.

Yeri gəlmişkən, Ümumtatar İctimai Mərkəzi tatar milli hərəkatının ən məşhur ictimai-siyasi birliyidir. Xatırladaq ki, təşkilat 1990-cı illərin əvvəllərində Tatarıstan üçün tam suverenlik tələb edirdi. Son illərdə Ümumtatar İctimai Mərkəzi həm də respublikanın xüsusi statusunu dəstəkləməklə yanaşı, regionda tatar dilinin dövlət dili kimi müdafiəsinə də dəstək verir.

Qeyd edtdiyimiz kimi, 2021-ci il oktyabrın sonunda Rusiya Ədliyyə Nazirliyi Ümumtatar İctimai Mərkəzinin fəaliyyətini “ekstremist fəaliyyətinə görə” dayandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə