Almaniyanın nüfuzlu nəşri Azərbaycandan olan iş adamı Naibə Hacıyevadan yazdı DİASPOR
2022-ci il noyabr ayının 14-də Almaniyanın nüfuzlu nəşrlərindən biri olan General Anzeige növbəti yazısını yerli sakin, diaspor fəalı, Azərbaycan əsilli Naibə Hacıyevaya həsr edib. “Bonnerin versteht sich als Botschafterin Aserbaidschans” (Tərcüməsi: Bonn sakini özünü Azərbaycanın elçisi kimi görür) sərlövhəli məqalədə Naibə Hacıyeva hər zaman olduğu kimi, bu dəfə də vətənimiz Azərbaycanın geniş təbliğatını aparıb, eyni zamanda, fəaliyyəti və s. barədə geniş söhbət açıb. Belə ki, sözügedən yazıda 33 ildir Almaniyada yaşamasına baxmayaraq, hər zaman Azərbaycan barədə düşündüyünü deyən Naibə xanım onun üçün ilk sırada məhz Vətəninin olduğunu deyib. Azərbaycanın tolerant ölkə olması ilə yanaşı, həm də multikultural dəyərlərə sahib olduğunu bildirən müsahib qeyd edib ki, bu ölkəyə səyahət edən hər bir insan Azərbaycanın vurğununa çevrilir və bu, danılmaz bir həqiqətdir.
Yazının müəllifi Ştefan Hermes (Stefan Hermes) məqaləsində xüsusilə qeyd edib ki, Naibə Hacıyeva Azərbaycanın mədəniyyəti və tarixinin tanınmasında daim öndə olan diaspor təmsilçilərimizdəndir. Qəzetin yazdığına görə, Naibə xanım hətta 44 günlük Vətən müharibəsi, eləcə də COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrdə Avropa ölkələrində küçələrə çıxan erməni lobbisinin aqressiv davranışlarından çəkinməyərək Almaniyada dörd yürüş və mitinq təşkil edib. O, bununla paralel olaraq Qarabağ haqqında bir sıra alman medialarının zaman-zaman birtərəfli mövqedə dayandıqlarını, eləcə də ədalətli yanaşma göstərmədiklərinə də irad tutub. Belə ki, o, müxtəlif dövrlərdə Azərbaycana qarşı riyakar və uğursuzluqla nəticələnən siyasi oyunların qurulmasından danışıb və bildirib ki, o, daim bu mövzu ilə bağlı hər kəsi məlumatlandırmağa çalışır.
Müəllif Azərbaycanlı xanımı “mədəniyyətlər arasında körpü quran” şəxs kimi təqdim edir. Eyni zamanda, General Anzeige nəşri Naibə Hacıyevanın 33 il əvvəl Almaniyaya ilk dəfə gəlişindən sonrakı ilk fəaliyyəti barədə də qeydlərini aparıb. Qəzetin yazdığına görə, Naibə xanım Azərbaycan mətbəxinə aid olan ənənəvi yeməklər bişirib və satdırıb, əldə edilən məbləğləri isə müxtəlif ehtiyaclı olan yerlərə göndərib, o cümlədən sponsorluq etməklə Azərbaycanıımızı insanlara daha yaxından tanıtmaq və layiqincə təmsil etmək məqsədini reallaşdırıb. Əbəs deyil ki, Naibə Hacıyeva iş xanımı olaraq Almaniyada açılan bir sıra iaşə və s. müəssisələrinə “Bakı” adını verib.
Məqalədə Naibə xanımın layiqli övladlar böyütməsindən, onlara milli ənənələri, dəyərləri aşılaması barədə qeydlər edilib, həmçinin bildirilib ki, bu övladlar Almaniyada dünyaya gəlsələr də diasporumuzun fəaliyyətində çox böyük əməkləri və töhfələri var.
Özlüyündə maraqlı və səmimi söhbət əsasında qurulmuş yazı Azərbaycanın tanıdılması baxımından alqışlanası və müsbət bir örnəkdir. Yazı həm də Azərbaycandan kənarda özünü layiqincə təqdim və ölkəsini təmsil edə bilən bir diaspor fəalının nümunəvilik təşkil etməsi baxımından ayrıca diqqət çəkir.
Qeyd edək ki, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olan Naibə Hacıyeva Azərbaycanın Almaniyada ən fəal diaspora təmsilçilərindən biridir. O, eyni zamanda Avropa ölkələrdə anti-Azərbaycan xarakterli fəaliyyət göstərən bir sıra təşkilatlara qarşı çəkinmədən öz sözünü demiş vətənpərvər xanımlardan biri kimi tanınır.
Daha bir xatırlatma da edək ki, Naibə Hacıyeva bu ilin 22 aprel tarixində Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayına nümayəndə seçilib və bu tarixi tədbirdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB