Rusiyada hamının avtomobili olacaq?

Putin yerli avtomobillərin rus ailələrinə daha “ucuz” satılmasını istəyir
Rusiyada hamının avtomobili olacaq?

Rusiya prezidenti Vladimir Putin, hazırkı şəraitdə istehsalı ilə bağlı çətinliklər olmasına baxmayaraq, yerli avtomobillərin rus ailələri üçün münasib, yəni daha “ucuz” satılmasının tərəfdarı kimi çıxış edib.

Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin bunu hökumət üzvləri ilə görüşdə bildirib.

Onun fikrincə, işin düzgün təşkili ilə qiymət endirimlərinə nail olmaq olar. Belə ki, ayrıca olaraq avtomobillərin qiymətlərinə nəzarət etməyə çağırış edən dövlət başçısı, heç kimi əsassız olaraq qiymətləri qaldırmamağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl AvtoVAZ-ın prezidenti Maksim Sokolov xaricdən avtomobil hissələrinin tədarükü ilə bağlı vəziyyət pisləşdiyini etiraf etmişdi.

Onun dediyinə görə, qlobal təchizatçılarla problemlər ona gətirib çıxarıb ki, tədarükü sanksiyalarla qadağan olunmayan idxal olunan komponentləri belə əldə etmək mümkün deyil.

Məhz bunun fonunda oktyabrda Rusiyanın əsas avtomobil istehsalçısının satışları dörd aylıq artımdan sonra azalmağa başlayıb.

Belə ki, ilin əvvəlindən bəri AvtoVAZ iki dəfə çox avtomobil satıb.

Bu arada Rusiya dilerləri Avropa, Amerika, Yapon və Koreya avtomobil istehsalçılarının ölkəni tərk etməsi fonunda Çin brendləri ilə daha fəal əməkdaşlığa başlayıblar.

Amma rəqabət olmadığından onlar da sərt şərtlər qoyurlar, yəni məhsulların qiymətini qaldırırlar.

Tələbi dəstəkləmək üçün Putin hərbi qulluqçulara, o cümlədən səfərbər edilmiş vətəndaşlara və onların ailələrinə güzəştli avtomobil kreditlərinin verilməsini təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə