Talibanlar teokratik diktaturaya qayıdırlar

Talibanlar teokratik diktaturaya qayıdırlar

Talibanın ali lideri Həybətullah Axundzadə əfqan hakimlərinə məhkəmə proseslərinin və hökmlərin icrasında şəriət qanunlarını rəhbər tutmağı əmr edib. SİA-nın əldə etdiyi məlumata görə, bu, cinayətlərə görə cəza olaraq açıq edamlar, daşqalaqlar, baş və bədən üzvlərinin kəsilməsi deməkdir.

Qeyd nedək ki, ötən ilin avqustunda Taliban hakimiyyətə qayıtdıqdan sonra 1990-cı illərdə olduğundan daha yumşaq idarəetmə vəd etsələr də, teokratik diktaturaya qayıdırlar.

Axundzadə hakimləri İslam şəriətinə görə “hüdud” kateqoriyasına daxil olan, cəzaları ciddi şəkildə müəyyən edilmiş və yüngülləşdirilə bilməyən cinayətlərə xüsusi diqqət yetirməyə çağırıb.

Bunlar oğurluq, soyğunçuluq, zina və ya ona qarşı saxta ittihamlar, spirtli içkilərdən istifadə və dindən dönməkdir. Hüquq müdafiəçilərinin qorxduğu kimi, hökumətin fikrinə zidd olan istənilən vətəndaş fəaliyyəti “mürtədlik” kimi təsnif edilə bilər.

Ötən il Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra mediada və sosial şəbəkələrdə cinayətkarların açıq şəkildə cəzalandırılmasını əks etdirən görüntülər peyda olub: onları çubuqlarla döyüblər. Taliban polisi həbs zamanı öldüyü deyilən cinayətkarların cəsədlərini də ictimaiyyətə nümayiş etdirir.

Taliban hökuməti əvvəllər NATO hərbi birləşmələri və ölkədə yerləşən beynəlxalq təşkilatlarda işləmiş və ya onlarla əməkdaşlıq etmiş əfqanları, məsələn, sürücü və ya sərbəst tərcüməçi kimi işləyənləri repressiya edir. Həmçinin Əfqanıstanda qadınların təhsil, iş, ictimai fəaliyyət və sərbəst hərəkət hüquqları ciddi şəkildə məhdudlaşdırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə