“Yarışı, yox, yox...döyüşü necə təşkil etməli?”

“Yarışı, yox, yox...döyüşü necə təşkil etməli?”

Gərək ki, Vladimir İliç Leninin, səhv etmirəmsə, 1919-cu ildə yazdığı “Yarışı necə təşkil etməli?” adlı bir əsəri var. Deyim ki, həmən əsəri oxuyanlar bilər, Vladimir İliç başqa əsərləri kimi bu əsərində elə də uzunçuluğa yer vermir. Yarışı necə təşkil etməli? və cavabını da yazır...təbii ki, həvəsləndirmə yolu ilə. Nə isə, uzatmayaq.

Deməli, səfərbərlik çərçivəsində çağırılan Rusiya hərbçilərinə Ukrayna Silahlı Qüvvələrinin hər məhv edilmiş texnikası üçün əlavə ödənişlər ediləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Star” telekanalı məlumat yayıb.

Beləliklə, hər məhv edilmiş təyyarəyə görə 300 min rubl, vertolyota görə 200 min rubl, tanka görə isə 50 min rubl ödəniləcək.

Qeyd edək ki, rus səlahiyyətlilərini elə də xəsis bilməyin. Belə ki, onlar pilotsuz təyyarələr, zirehli transportyorlar, özüyeriyən artilleriya, S-300, Buk, Tor, və ya RZSO döyüş maşınlarına görə də 50 min rubl ödəyəcəklərini vəd edirlər. Bundan əlavə, “ən görkəmli hərbçilər” üçün 100.000 rubla qədər ödəniş ehtimalı var.

Xatırladaq ki, noyabrın 2-də Çuvaşiyadan səfərbər edilmiş 100-dən çox çağırışçı vəd edilmiş ödənişlərin olmaması səbəbindən Ulyanovskdakı təlim mərkəzində iğtişaş törətmiş, komandanlığa və hakimiyyət orqanlarına qarşı şikayət videosu çəkib paylaşmışdılar. Orada səfərbər olanlar Ukrayna ilə müharibədə iştirakdan imtina edir və onlara vəd olunan məbləğlər ödənilənə qədər “ədalət axtaracaqlarını” bəyan edirdilər.

Bəs, necə, ayrıseçkiliyə son qoyulmalıdır!

Yeri gəlmişkən, noyabrın 4-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində hərbi əməliyyatların aparıldığı dövrdə Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlamış hərbçilərə 195 min rubl məbləğində birdəfəlik ödəmə haqqında fərman imzalayıb. Ödəniş müqavilə bağlamış çağırışçılara, qismən səfərbərlik adlandırılan hərbi xidmətə çağırılan vətəndaşlara və əcnəbilərə ödənilir.

Yenə də ayrıseçkilik? Çünki burada da kursantlar istisna təşkil edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə