"Hələ də obamızı yuxularımda görürəm" - SORĞU

Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunublar. Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Göyçək Kərimova: "Qərbi Azərbaycan elə bir bölgədir ki, o yerlərdən ayrı qalmaq ağır dərddir. Elə gözəl yerlərimiz var idi ki, insanın gözü önündən getmir. Mənfur düşmənlər bizi öz yuvalarımızdan didərgin saldılar. Onlara bel bağlamaq olmaz. İnanmıram ki, bundan sonra erməni xisləti dəyişər. Onlar nəinki qonşuluğu, heç düşmənçiliyi belə bacarmır".

Qərbi azərbaycanlı Haqverdi Qaradöş: “Bizim yerimiz-yurdumuz sanki bir cənnət idi. İnanın ki, o yerlərin gözəlliyini sözlə ifadə etmək mümkün deyil. 35 ildir ki, heç bir guşəsi yaddaşımdan silinmir. Doğrudur, Azərbaycanımızın hər yeri gözəldir. Amma bilmirəm, vətənimdirmi deyə ya niyəsə ora mənə başqa cür gözəl görünürdü. Hələ də obamızı yuxularımda görürəm”.

Qərbi azərbaycanlı Nargilə Səfərova: “Qərbi Azərbaycan mənim üçün Vətən deməkdir. Orada doğulub boya-başa çatmışam, orada oxumuşam. Mənim qəlbim o yerlərdədir. Qərbi Azərbaycan deyiləndə ürəyimin sarı simi titrəyir. Vətən dərdi çəkənlər bilər ki, bu həsrət necə ağırdır. 63 yaşım olsa da, hələ də kəndimizdən çıxdığım yaşdayam. Gözəl yurdumuzdan ayrı qalmaq sözlə ifadə olunmayacaq qədər çətindir”.

Qərbi Azərbaycan sakini Adil Şahəliyev: “Ermənilər gözəl yurdumuzu əlimizdən aldılar. Heç torpaqlarımızın, o cür gözəlliklərin dəyərini də bilmədilər. Yerimiz-yurdumuz indi boş qalıb. Biz ora qayıtsaq, hər yan canlanar. Doğma yurdumuz bizi gözləyir, biz də yurdumuzu. İnsan ancaq öz torpağında rahat nəfəs ala bilir. Mən də rahat nəfəs alacağım günlərin həsrətini çəkirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə