Qərbi Azərbaycan ziyalılarının tarixində İrəvan Müəllimlər Seminariyasının rolu - ŞƏRH EDİLDİ

“1862-si ildə İrəvan quberniyasında 206 təhsil müəssisəsi (dini və dünyəvi) fəaliyyət göstərirdi və orada 293 müəllim (azərbaycanlı, erməni və rus) dərs deyirdi. O, vurğuladı ki, təhsil alan şagirdlərin 4256-sı oğlan, 117-si qız idi ki, onlardan 1500 nəfərdən çoxunu müsəlmanlar təşkil edirdi. İrəvan Müəllimlər Seminariyasında 128 nəfər təhsil alırdı ki, onlardan da 30 (23,4%) nəfəri azərbaycanlı, 37 (28,9 %) nəfəri erməni, 52 (40,6) nəfəri rus idi. Həmin dövrdə Zaqafqaziya Müəllimlər Seminariyasında 132 nəfərdən 54-ü (40,9%), İrəvan şəhər məktəbində oxuyan 152 nəfərdən 39-u azərbay­can­lı idi. İrəvan xalq məktəbləri direksiyasına tabe olan məktəblərdə oxu­yan 9561 nəfər oğlandan 1580 nəfəri, 1855 qızdan 119-u azərbaycanlı idi”. SİA xəbər verir ki, bu sözləri professor Fərrux Rüstəmov açıqlamasında bildirib.

İrəvan Müəllimlər Seminariyasının təşkilindən danışan F.Rüstəmov qeyd edib ki, müəllimlər seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi: “1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. 1879-cu ildə Daşkənddə Türküstan Müəllimlər Seminariyası, Orsk şəhərində Qazax Müəllimlər Seminariyası açıldı. Rusiya Dövlət Şurası 20 oktyabr 1880-cı ildə "Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etdi. İrəvan Seminariyasına dövlət xəzinəsindən 28.350 rubl vəsaitin ayrılması nəzərdə tutuldu.

İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə 9 müəllim, 42 şagirdlə fəaliyyətə başladı. İlk vaxtlar seminariyanın binası yox idi. İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında fəaliyyətə başladı. Seminariyanın ilk direktoru görkəmli maarifçi Yakob Stepanoviç Suşevski olmuşdur. O, ilk illərdə seminariyanın təşkilində böyük çətinliklərlə qarşılaşmalı oldu. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin popeçitelu A.O.Çernyayevskinin seminariyaya azərbaycanlı tələbələrin cəlb edilməsindəki çətinlikləri o da yaşamalı oldu. Qori Müəllimlər Seminariyasının mütərəqqi ənənələrindən bəhrələnən Y.S.Suşevski çətinliklə də olsa ilk tədris ilində seminariyaya 9 müəllimin, 42 şagirdin cəlb edilməsinə, maliyyə məsələlərinin həllinə nail oldu”.

Professor sözlərinə davam edərək bildirib ki, İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk dövrdə tədris prosesi üçün lazımi səviyyədə əlverişli şəraiti olmayan, illik icarə haqqı 5 min rubl olan birmərtəbəli binada yerləşmişdi: “1901-ci ildə seminariyanın pedaqoji şurası təhsil müəssisəsi üçün ayrıca bina tikmək qərarına gəldi, şəhərin yuxarı hissəsində (Daşlı küçədə) bağlarla əhatə olunmuş ərazi məktəb binası üçün ayrıldı. Bir il sonra memarlar Vasili Mirzoyan və Nikolay Kitkin layihəsi əsasında binanın tikintisinə başlanıldı. 1905-ci ildə tikintisi başa çatan binada on il İrəvan Müəllimlər Seminariyası fəaliyyət göstərdi. 1915-ci ildə bina kazarmaya çevrildiyindən seminariya Armavirə köçürüldü. İki il müəllimlər seminariyası kimi fəaliyyət göstərən təhsil ocağı 1917-ci il fevral burjua inqilabından sonra Rusiya imperiyasında fəaliyyət göstərən digər seminariyalar kimi üç illik pedaqoji kursa çevrildi və 1918-ci ildə isə öz fəaliyyətini tamamilə dayandırdı. 1885-ci ildə müəllimlərin sayı 12-yə, 1889-cu ildə 13-ə çatdı. Kollektivinin təcrübəli, öz işini sevən müəllimlərdən təşkil edilməsi seminariyada təhsil-tərbiyə işlərinin ildən-ilə yaxşılaşmasına, nümunəvi tədris müəssisəsinə çevrilməsinə səbəb oldu. Qafqazdakı digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyasının da tərkibi beynəlmiləl idi. İlk təhsil ilində seminariyaya qəbul olunan 42 şagirdin 8-i rus, 28-i erməni, 6-sı azərbaycanlı idi. İkinci tədris ilində azərbaycanlıların sayı xeyli artdı.İkinci tədris ilinin sonunda tələbələrin ümumi sayı 54 nəfər olmuşdu ki, onlardan da 7-si rus, 23-ü azərbaycanlı, 23-ü isə erməni idi. Arxiv sənədlərindən məlum olur ki, hər il 15 nəfər azərbaycanlı tələbənin İrəvan Müəllimlər Seminariyasında dövlət vəsaiti hesabına oxuması və pansionda yaşaması müəyyənləşdirilmişdi .

Seminariyada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai mək­­təb fəaliyyət göstərirdi. Seminariya iki qrupla (böyük hazırlıq qrupu və birinci qrup) başlamışdı. 1883-cü ildə üçüncü sinif təşkil olunmuşdu.

Seminariya məhz erməni fitnəsi ilə bağlandı. 1918-ci ildə erməni­lərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və tələbələrin bir qismi amansız­casına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana pənah apardılar”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə