"Tək arzum kəndimizə qayıdıb atamın məzarını ziyarət etməkdir" - MÜSAHİBƏ-VİDEO

Qərbi Azərbaycan sakini Dilarə Bəhmənovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Deportasiya illərini necə xatırlayırsınız?

- Mən Dərələyəz mahalının əvvəlcə Söylən, daha sonra Əzizbəyov adlanan rayonunun Tep kəndindənəm. 42 yaşıma qədər bu kənddə yaşamışam. 1988-ci ildə biz ilk olaraq Naxçıvana qaçdıq. Körpə uşaqlarımız var idi. Onları Naxçıvana apardıq ki, birdən gecə qaçaqaç düşər, uşaqlar ayaqaltda qalmasın. Özümüz yenidən ev-eşiyimizə qayıtdıq. Gecə səhərə qədər qorxudan yatmadıq. Ermənilər necə döymüşdülərsə, qorxudan infarkt keçirmişdi. Atama demişdilər ki, gecə kəndə hücum olunacaq, arvad-uşağını buradan çıxar. Kəndləri yavaş-yavaş talayırdılar. Biz də qorxa-qorxa yaşayırdıq. Atamı da orada dəfn etdik. Heç bəlkə indi qəbri belə qalmayıb. 1988-ci ilin 26 iyununda Naxçıvandan maşınlar gəldi və 4-5 ailəni yığıb oradan qurtardı. Kəndimizdən qaçıb Qarabağa gəldik. Bir neçə il sonra yenə ermənilər əlimizdə olan-qalanı da taladılar. Bir neçə dəfə qaçqınlıq yaşamışam. Oradan gələndən sonra da demək olar ki, hamını itirdim. Biz altı qardaş, bir bacı olmuşuq. Qardaşlarımın yarısı Xocalıda şəhid oldu, qalanı da bura gələndən sonra dərdə dözməyib vəfat etdi.

- Qaçqınlıqdan öncə ermənilərlə münasibətiniz necə idi?

- İndiki kimi düşmənçilik münasibəti olmasa da, ermənilərin bizə qarşı rəftarı heç vaxt yaxşı olmayıb. Dükanlara un, çörək vermirdilər, aylarla ac qalırdıq. Bizə deyirdilər ki, niyə qalmısınız, köçün gedin buradan. Bizlə elə rəftar edirdilər ki, özümüz məcbur olub qaçaq. Oradan köçüb Qarabağa gəldik. Yenə də ermənilər bizə rahatlıq vermədilər. Yenə dedilər ki, bu torpaqlar bizimdir. Camaatımızı qırdılar, yurd-yuvalarından didərgin saldılar. Kəndlərimizi dağıtdılar. Ermənilərlə dostluq münasibəti mümkün deyil. Onlar yaxşılıqdan anlayan xalq deyil.

- Həmin illərdə yaşadığınız və hələ də unutmadığınız bir hadisə varmı?

- Hələ də yadımdan çıxmayan və mənə təsir edən bir hadisə var. Mən orada Mədəniyyət Evində 10 il bədii rəhbər işlədim. Sonra qorxudan rayona gedə bilmədim. Axırda ermənilər məni sanksiya ilə çıxartdılar və əmək kitabçamı ləkəli verdilər. Amma Azərbaycan dövləti sağolsun. Daha sonra məni işlə təmin etdilər.

- Əgər qayıdış mümkün olsa, yenidən gedib Qərbi Azərbaycanda yaşamaq istəyərsiniz?

- Əlbəttə ki, gedib kəndimizi görmək istəyərəm. Əgər ermənilər olmasa, orada yaşamaq da istəyərəm. Bu qədər müsibətlərdən sonra ermənilərlə birgə yaşamaq mümkün olmaz. Doğrudur, biz xeyirxah camaatıq, ürəyimizdə kin yoxdur. Amma ermənilər öz xislətindən heç vaxt əl çəkməzlər. Onlar yeni doğulmuş uşaqlarına belə Azərbaycana qarşı nifrət aşılayır. Biz isə humanist millətik.

- Orada olan qonşu və ya tanışlarla indi də əlaqəniz var? Bakıya köçdükdən sonra kimləsə görüşmüsünüzmü?

- Əksəriyyəti ilə əlaqəmiz var. Elə buraya o kənddən 60 ailə birlikdə köçmüşük. Biz çoxluq təşkil etdiyimiz üçün ətraf yerlərdən olanlar da yanımıza köçdülər. Dərələyəz mahalından olanlarla əvvəlki qayda-qanunu saxlamışıq. Həmişə bir-birimizin xeyrində, şərində iştirak edirik. Yenə də bir-birimizlə əvvəlki münasibətimiz qalmaqdadır. Kaş ki yurdumuza qayıdardıq və bu qonşuluğumuzu, dostluğumuzu orada davam etdirərdik.

- Bəs sizcə, kəndinizin insanları ilə buradakı camaat arasında hər hansı bir fərq var?

- Mənim üçün heç bir fərqi yoxdur. Hər birimiz Azərbaycan vətəndaşıyıq. Qərbi Azərbaycandan gələndə də bizi burada pis qarşılamadılar. Düzdü, ilk gəldiyimizdə buralara tez uyğunlaşa bilmədik. Amma indi öz kəndimizin adamları kimi bir-birimizlə ünsiyyət qurmuşuq. Bir-birimizə qız alıb vermişik, kirvəlik əlaqələri yaratmışıq.

- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sonunda Qərbi Azərbaycana qayıdışla bağlı çağırış etdi. Bu haqda nə düşünürsünüz?

- Dövlətimə, dövlətimin başçısına, mərd oğullarına qurban olum. Oralar da bizim torpaqlarımızdır. İnanıram ki, Prezidentimiz bizi öz torpaqlarımıza qaytaracaq. Necə ki Qarabağı aldı, Qərbi Azərbaycanı da elə alacaq. Bilmədik, ermənilərə evimizi açdıq. Daha sonra da başımıza belə müsibətlər gəldi. İndi çox istəyərdim ki, dədə-baba yurduma qayıdım.

- Qərbi Azərbaycanla bağlı arzunuz nədir?

- Bircə arzum var. O da kəndimizi gedib görmək, ən əsası isə orada olan məzarlarımızı ziyarət etməkdir. Ora qayıtsam gedəcəyim ilk yer qəbiristanlıq olar. Atamın qəbrini ziyarət etmək istəyərəm. Mən qeyrətli oğullarımıza, dövlətimizə, rəhbərliyə çox güvənirəm. Bilirəm ki, bizi arzumuza çatdıracaqlar.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə