"Konqres mərkəzlərinin tikilməsi dünyaya mesaj verir" - EKSPERT FİKRİ

Ağdamda tikilməkdə olan "City Hotel"in görüntüləri yayılıb. İşğaldan azad edilmiş ərazilərdəki yenidənqurma və bərpa işləri Azərbaycan turizminə necə təsir edəcək? SİA olaraq mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyevin fikrini öyrəndik.

Onun sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri aparılır: “Nəzərə alsaq ki, erməni vandalizminin qurbanına çevrilən ərazilərdəki dağıntıları 9 bal gücündə zəlzələ ilə müqayisə etmək olar. Azad edilən ərazilərdə ölkə rəhbərliyinin göstərişi ilə konqres mərkəzlərinin tikilməsi dünyaya mesaj verir. İstər Ağdamda, istərsə Şərqi Zəngəzur yaxud Şuşada konqres mərkəzlərinin tikilməsi Azərbaycan suverenliyinin, dövlətçiliyinin dayanıqlı olması üçün atılan addımlardır. Bu addımlar dünyaya bir mesajdır ki, buraya xarici vətəndaşlar, diplomatlar gəlir, müxtəlif tədbirlər həyata keçirilir”.

Ekspert bildirib ki, işğaldan azad edilmiş ərazilərdə turizm potensialı ən yüksək səviyyədə qurulur: “Ağdamda tikilən otel bu kimi layihələr digər rayonlarda da həyata keçirilir. Şuşada artıq bir neçə hotel fəaliyyət göstərir, yaxın tarixlərdə Laçın, Kəlbəcər və Zəngilanda da otellər fəaliyyətə başlayacaq. İşğaldan azad edilmiş ərazilərdə üçü Beynəlxalq olmaqla ümumilikdə 4 hava limanının istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Füzuli Beynəxalq hava limanı və Zəngilan beynəxalq hava limanı istifadəyə tam hazırdır, Laçın beynəxalq aeroportunun da yaxın vaxtlarda istifadəyə verilmesi nəzərdə tutulur. Bu hava limanları xaricdən turist axınını mütəmadiləşdirəcək. Bu ərazilərdə həm aşağı, həm də yuxarı kateqoriyalı hotellərin tikilib istifadəyə veilməsi bölgəyə turist axınını artıracaq, böyük turizm potensialı yaradacaq. Eyni zamanda istər Qarabağın, istərsə də Şərqi Zəngəzurun havası özü terapiyadır. Buranın yeraltı mineral bulaqları termal xarakterlidir. Tərkibi çox zəngindir, bunu əsas götürərək mineral bulaqların ətrafında sanatoriyaların bərpa edib yerli və əcnəbi turistlərin istifadəsinə verməyi planlaşdırırıq. Yaxın on ildə də Qarbağa və Şərqi Zəngəzura gələn turist sayının ildə 500 mindən çox olmasını hədəfləyirik”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə