Azərbaycanın informasiya təhlükəsizliyinin təmin olunması üçün hansı addımların atılmasına ehtiyac var? - AÇIQLANDI
Azərbaycanın informasiya və kiber təhlükəsizliyinin etibarlı təmin olunması həm dövlət müdafiəsi, həm də milli iqtisadiyyatın dayanıqlılığı baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda bu istiqamətdə mühüm addımlar atılsa da, rəqəmsallaşmanın sürəti və geopolitik reallıqlar kritik kiberinfrastrukturun qorunması üçün kompleks tədbirlərin dərinləşdirilməsini zəruri edir. İlk növbədə dövlət, bank, energetika, nəqliyyat və telekommunikasiya kimi strateji sahələrin operativ mərkəzləri (SOC) arasında vahid kiber-insidentlərin idarə olunması və məlumat mübadiləsi sisteminin effektivliyi artırılmalıdır. Eyni zamanda dövlət və özəl qurumların İT sistemlərində müntəzəm olaraq sızma testləri (penetration testing) və kibertəhlükəsizlik auditləri keçirilməlidir.
Bu sözləri SİA-ya Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov deyib.

O bildirib ki, rəqəmsal təhdidlərin xarakterinin dəyişməsi müdafiə alətlərinin də yenilənməsini tələb edir. Sıfırıncı gün (Zero-Day) zəifliklərinə və anomaliyalara anında reaksiya vermək üçün süni intellekt yönümlü kiber müdafiə sistemlərinin tətbiqi genişləndirilməlidir. Xüsusilə səs və görüntü klonlaması (deepfake) vasitəsilə həyata keçirilən sosial mühəndislik hücumlarına və strateji dezinformasiyalara qarşı avtomatik aşkarlama texnologiyaları tətbiq olunmalıdır. Bununla yanaşı, informasiya suverenliyinin qorunması üçün Hökumət Buludu layihəsinin əhatə dairəsi genişləndirilməli, strateji verilənlərin ölkə daxilində saxlanması təmin edilməli və kritik sahələrdə xarici proqram təminatından asılılıq tədricən azaldılmalıdır:
“Texnoloji infrastrukturla yanaşı, insan faktorunun gücləndirilməsi də həlledici rol oynayır. Kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi üçün təhsil proqramları yenilənməli, praktiki laboratoriyalar və "Cyber Range" poliqonları yaradılmalıdır. Paralel olaraq, dələduzluq (phishing) və sosial media təhdidlərinə qarşı əhali arasında kiber gigiyena adətlərinin formalaşdırılması üçün davamlı maarifləndirmə aparılmalıdır. Nəhayət, normativ-hüquqi bazanın rəqəmsal dövrün tələblərinə uyğun operativ yenilənməsi və transsərhəd kiber-hücumların qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi vacibdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB