Azərbaycanın informasiya təhlükəsizliyinin təmin olunması üçün hansı addımların atılmasına ehtiyac var? - AÇIQLANDI

Azərbaycanın informasiya təhlükəsizliyinin təmin olunması üçün hansı addımların atılmasına ehtiyac var? - AÇIQLANDI

Ümumiyyətlə mən deyərdim ki, informasiya təhlükəsizliyi artıq yalnız dövlət qurumlarının və ya bankların problemi deyil. Bu gün demək olar ki, bizim bütün həyatımız rəqəmsal sistemlər üzərində qurulub. Bu sözləri SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

O bildirib ki, dövlət xidmətləri, bank əməliyyatları, enerji, nəqliyyat, səhiyyə, mobil rabitə və s. bunların hər hansı birində ciddi kiberproblem yaranarsa təsiri təkcə bir quruma yox, minlərlə vətəndaşa çata bilər. Ona görə də Azərbaycanın informasiya təhlükəsizliyinə ayrıca İT məsələsi kimi yox, milli təhlükəsizliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Bunun üçün məncə, ilk növbədə kritik infrastrukturların qorunmasına daha çox diqqət edilməlidir:

”Elektrik, su, telekommunikasiya, bank, dövlət informasiya sistemləri və digər vacib platformalar üçün davamlı təhlükəsizlik monitorinqi qurulmalıdır. Burada məqsəd yalnız hücum baş verdikdən sonra problemi aradan qaldırmaq deyil. Əsas məsələ hücumun əlamətlərini əvvəlcədən görmək, şübhəli fəaliyyəti vaxtında aşkarlamaq və hadisə böyümədən qarşısını almaqdır. Digər vacib məsələ isə dövlət qurumları və şirkətlər arasında məlumat mübadiləsinin olmasıdır. Əgər bir təşkilata qarşı yeni hücum üsulu aşkarlanıbsa, bu məlumat digərlərinə də operativ şəkildə çatmalıdır. Çünki kibercinayətkarlar məlumat paylaşır, alətlərini təkmilləşdirir və eyni hücum metodunu müxtəlif təşkilatlarda sınaqdan keçirirlər. Müdafiə tərəfi də eyni sürətlə əməkdaşlıq etməlidir. Ama mən hesab edirəm ki, ən böyük risklərdən biri yenə də insan faktorudur. Dünyanın ən bahalı təhlükəsizlik sistemini qura bilərsiniz, amma əməkdaş saxta elektron məktubdakı linkə daxil olub parolunu təqdim edirsə, həmin müdafiənin böyük hissəsi mənasını itirir. Buna görə kibertəhlükəsizlik təlimləri formal xarakter daşımamalıdır. İnsanlara real nümunələrlə fişinqi necə tanımaq, şübhəli fayllarla necə davranmaq, parolları necə qorumaq və təhlükəsizlik hadisəsi baş verdikdə kimə müraciət etmək öyrədilməlidir. Həmçinin şəxsi məlumatların qorunması da ayrıca prioritet olmalıdır. Vətəndaşın telefon nömrəsi, şəxsiyyət məlumatları, bank, tibbi və s. kimi məlumatları müxtəlif informasiya sistemlərində saxlanılır. Bu məlumatlara kimlərin çıxışı olduğu, necə şifrələndiyi və hansı məqsədlə istifadə edildiyi ciddi nəzarətdə saxlanmalıdır. Məncə, artıq məlumatı toplamaq yox, həqiqətən bu məlumata ehtiyacımız varmı? yanaşması daha çox tətbiq edilməlidir. Nə qədər az lazımsız məlumat saxlanılırsa, mümkün sızmanın nəticəsi də bir o qədər məhdud olur. Digər tərəfdən isə aktual mövzu olaraq ölkənin öz kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyacı getdikcə artır. Texnologiyanı yalnız xaricdən almaq kifayət etmir. Həmin sistemi idarə edən, hücumu analiz edən, zəifliyi aşkarlayan və hadisəyə operativ reaksiya verən yerli mütəxəssislər olmalıdır. Süni intellektin inkişafı da bu məsələdə dəstək rolundadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə