Banişevskinin nəvəsi: Son illər Azərbaycan klublarının oyunlarını izləmək çox xoşdur” - MÜSAHİBƏ
Azərbaycan futbolunun əfsanəvi, “Neftçi”nin keçmiş bombardiri Anatoli Banişevskinin nəvəsi, futbolçu Əli Banişevski “Caliber.Az” müsahibəsində futbol dünyasında baş verənlər və Azərbaycan futbolu haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Oxucularımıza özünüz haqqında məlumat verərdiniz...
- 1996-cı ildə Bakıda anadan olmuşam. Mənim bütün həyatım futbolla bağlı olub. Uşaq vaxtı ən sevimli oyuncağım belə futbol topu idi. Və əfsanəvi futbolçu Anatoli Banişevskinin nəvəsi olduğumu nəzərə alaraq deyə bilərəm ki, mənim qismətim futbolla bir yerdədir. Babamı xatırlamıram, çünki o, məndən bir il sonra vəfat edib. Buna baxmayaraq, onun şöhrəti bütün həyatım boyu məni müşayiət edir. Onun haqqında nəinki qohumlarımdan çox eşitmişəm, ona görə də mənə elə gəlir ki, babamı çox yaxşı tanıyıram.
Futbola olan sevgimi nəzərə alaraq, məni idman məktəbinə göndərdilər. “İnter” klubunda keçmiş futbolçu məşhur Roman Cəfərovla birgə məşq etmişəm. Sonra “Neftçi” klubunda oynamağa başladım. Məni İslam Kərimov hazırlayıb. Əminliklə deyə bilərəm ki, “Neftçi” klubunun yetirməsiyəm. Orduya çağırılanda Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandasında oynamağa başladım. Hərbi xidmətdə olduğum üçün icarə əsasında oynayırdım.
- Sonrakı idman karyeranız necə inkişaf etdi?
- Hərbi xidməti başa vurduqdan sonra Litvaya getdim. Bir müddət sonra Kiyevin “Arsenal” klubundan təklif aldım və Ukraynaya köçdüm. Bu ölkədə idman, o cümlədən futbol yüksək səviyyədə inkişaf edib.
Təəssüf ki, maliyyə səbəblərinə görə “Arsenal” klubu dağıldı və mən “Çayka” komandasına keçdim. Bundan sonra məni “Niva Buzova” klubunda gördülər. Bu klubun sahibi Oktay Əfəndiyevdir. Onun haqqında çox yaxşı şeylər deyə bilərəm. O, adı böyük hərflə yazılmış bir adamdır. O, məni daim diqqətlə əhatə etdi və idman karyeramı davam etdirməyim üçün hər cür şərait yaratdı. O, təkcə mənə deyil, hamıya qarşı diqqətlidir. “Niva Buzova” klubu Ukrayna çempionatının 2-ci Liqasında 1-ci yeri tutur. Əminəm ki, Oktay Əfəndiyevin yaxın və həssas rəhbərliyi altında klub böyük uğurlar qazanacaq.
Mən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan da diqqət və qayğı hiss etdim. Onunla çox yaxşı dost olduq.
- Anatoli Banişevskinin adı Ukraynada nə qədər tanınır?
- Mənə və soyadıma hörmət çox böyük idi. Ukraynada Anatoli Banişevski haqqında çox adam bilir. Bir qonşum var idi, soyadımın Banişevski olduğunu biləndən sonra məşhur futbolçunun qohumu olub-olmadığımı soruşdu.
Təbii ki, babamın soyadı mənim üzərimə böyük məsuliyyət qoyur. Məndən həmişə daha çox şey tələb olunurdu. Başqalarının ümidlərini doğrultmalıyam. Mənim babam futbol əfsanəsi idi. O, uşaqlıqdan mənim kumirim olub. Anam mənə babam haqqında çox danışırdı, amma onun haqqında ən çox nənəm İnna Banişevskaya danışırdı.
Hətta tanımadığım adamlar da Banişevskinin nəvəsi olduğumu biləndən sonra babam haqqında çox yaxşı danışırdılar. Hətta haradasa oxumuşdum ki, hələ Sovet vaxtı Heydər Əliyev Banişevskiyə “Volqa” avtomobili ayırıb. Bir akademik qəzəblənib: “Niyə maşını mənə yox, Banişevskiyə verirsən?” Heydər Əliyev cavab verib: “Bilirsiniz, biz Banişevskidən akademik çıxara bilərik, amma akademikdən Banişevski yox. O bizdə yeganədir”.
- Bildiyimə görə, hazırda Polşadasınız...
- Təəssüf ki, müharibə karyeramda düzəlişlər etdi. Rusiyanın Ukraynaya müdaxiləsi başlayanda Azərbaycan diasporu öz soydaşlarını köçürməyə başladı. Qadın və uşaqları qatarla Polşaya apardılar. Ailəmi də çıxardım. Burada Çexiyanın “Dinamo” (Çeske Budejovice) klubundan təklif aldım. Bu klubla təlim-məşq toplanışları keçdim, yarım mövsüm birlikdə olduq, amma yollarımız ayrıldı. Hazırda Polşanın “Zamek Kamieniets” klubu ilə işləyirəm, amma yerim hələ də “Niva Buzova”da olduğu üçün bunun müvəqqəti olduğuna inanıram. “Niva Buzova”nı çox bəyəndim və bu klubu başqasına dəyişmək istəməzdim. Amma şərait mənim klubdan ayrılmağıma səbəb oldu. Yenidən “Niva Buzova”dan təklif gəlsə, o zaman tərəddüd etmədən qayıdacam.
- Azərbaycan futbolunun hazırkı durumu haqqında nə deyə bilərsiniz?
- Son illər “Qarabağ”, “Sabah” və “Neftçi” klublarının oyunlarını izləmək çox xoşdur. Azərbaycanda istedadlı futbolçular çoxdur, amma 15 ildən sonra idmançı kimi yetişmirlər. Səbəb nədir bilmirəm. Ukraynada inkişaf hiss olunur. Uşaq futbolu gənclər futboluna çevrilir və bundan sonra insanlar peşəkar klublarda oynaya bilirlər. Rayondan tutmuş vilayətə kimi hər yerdə futbolun inkişafı hiss olunur. Ukraynada peşəkar futbolla məşğul olan heç kəs komandasız qalmayacaq. Azərbaycanda çox az futbol komandası var və bir çox idmançı karyerasının lap zirvəsində klubsuz qalıb.
- Futboldan başqa hobbiniz varmı?
- Əlbəttə var. Mən stolüstü tennis oynamağı sevirəm. Mən yüksək informasiya texnologiyaları ilə çox maraqlanıram.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB