İdman inkişafda olan uşaqlar üçün fiziki sağlamlıqdır. O həm də psixi sağlamlıq üçün faydalı və zəruridir. Bəs, uşaqlar hansı yaş aralığında idmanla məşğul olmalıdır? Onlar neçə yaşından futbola yazdırılmalıdır? Bunun üçün valideynlər tərəfindən hər hansı bir ödəniş edilməlidirmi? Prosedur qaydası necədir? Yəni, yazılmaq üçün hansı sənədlər lazımdır? Bu barədə SİA-nın sorğusuna cavab olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov cavab verib.
Onun sözlərinə görə, futbol Azərbaycanda ən çox sevilən və ən kütləvi idman növlərindən biridir: "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyası Assosiasiyası, klublar çalışır ki, ölkədə bu idman növündə daha çox sayda yeniyetmə və gənclər təmsil olunsun. Belə ki, bu gün ölkə çempionatında 10 klub təmsil olunur. Onların əksəriyyətinin paytaxt və bölgələrdə akademiyaları mövcuddur".
Raqif Abbasov sözlərinə belə davam edib: "Futbol idman növünün eyni zamanda müxtəlif yarışları, ölkə çempionatları, klub birincilikləri, uşaq gənclər idman məktəbləri arasında ayrı-ayrı yaş qruplarında futbol yarışları keçirilir. Hal-hazırda da nazirliyin böyük bir layihəsi Bakı kəndlərinin qəsəbələri arasında futbol yarışları keçirilir. Bu yarış aşağı yaş qrupu və yeniyetmələr arasında baş tutur.
Futbol idman növü sevilib seçilməklə yanaşı, eyni zamanda komanda düşüncəsi, xüsusi fiziki hazırlıq və zədələrdən sığortalanmaq üçün elastiklik, fiziki dözümlülük tələb edir. Bilirsiniz ki, aşağı yaş qrupundan, 6-7 yaşdan etibarən uşaqların ayrı-ayrı klubların akademiyalarına, klubların nəzdində bölgələrdəki təmsilçilərinə, uşaq gənclər idman məktəblərinə qruplara yazılmaq tövsiyə edlir. Seleksiya işinə məsul olan məşqçilər isə bu qruplarda uşaqların daha istedadlı və bacarıqlılarını, nəticələri ilə fərqlənənləri isə yığmalara dəvət edir. Bura yığım isə bütün klub təmsilçilərinin üzvləri ola bilər.
Valideynlərə tövsiyəm odur ki, zaman-zaman sosial şəbəkələr, elanlar və ayrı-ayrı tanınmış klubların saytları, yerlərdəki rayon gənclər idman idarələrinin nümayəndələri, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının vasitəsilə müraciət edərək istiqamətləndirilsinlər. Həmçinin, öz övladlarının fiziki və sağlamlıq durumu haqqında aidiyyatı arayışı təqdim etdiyi halda müxtəlif yaş qrupunu əhatə edən klub komandalarına yazıla bilərlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB