"Prezidentin bizə göstərdiyi etimad üzərimizə daha çox məsuliyyət qoyur" - FEDERASİYA RƏHBƏRİ DANIŞDI

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Bu Prezident İlham Əliyevin Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilməsi ilə bağlı Sərəncamında yer alıb. Mövzu ilə əlaqədar SİA cüdo Federasiyasınının Prezidenti Elnur Məmmədlini fəxri ad alması münasibətilə təbrik edərək, fəxri adla bağlı nələr düşündüyünü öyrənib.

Federasiya rəhbəri dövlət başçısı tərəfindən “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsinə görə öz təşəkkürünü bildirib “Bizə göstərdiyi etimad üzərimizə daha çox məsuliyyət qoyur. Federasiya olaraq əlimizdən gələni edirik ki, idmançılarımız Dünya və Avropa Çempionatında, ən əsası isə Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil etsinlər. Həmçinin onu bildirmək istərdim ki, cənab Prezidentin cüdoya olan xüsusi diqqətini hər zaman hiss etmişik və bu qayğı nəticəsində cüdo ölkənin aparıcı idman növlərindən birinə çevrilib. Heç kəsə sirr deyil ki, cənab Prezident istər olimpiadalarda, istərsə də digər beynəlxalq yarışlarda idmançılarımızın və məşqçi heyətinin yanında olub və onlara mənəvi dəstək verib. Bütün uğurlarımızın təməlində cənab Prezidentin məhz bu diqqəti, qayğısı və ölkədə idmanın inkişafını hədəf alan siyasəti durur. Qalib Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürü bildirirəm, möhkəm can sağlığı, uzun ömür, güclü Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzu edirəm”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə