Boksçularımızın son 7 ayda əldə etdiyi nəticələri - QURUM RƏSMİSİ AÇIQLADI

Azərbaycanda idmanın inkişafı istiqamətində idman federasiyaları bir çox tədbirlər görür. Bu kimi tədbirlərə ölkə çempionatları, kütləvi tədbirlər və s. aiddir. Belə federasiyalardan biri də Azərbaycan Boks Federasıyasıdır ki, gənclərdə idmana olan marağın aşılanması istiqamətində bir sıra lahiyələr həyata keçirdir. Bəs boks idmani ilə məşğul olan idmançılarımız son aylar ərzində keçirilən yarışlarda nə qədər medal qazanıblar? Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov cavab verib.

Qurum rəsmisi qeyd edib ki, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları son 7 ayda 47 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 10 beynəlxalq yarışda əldə ediblər. Onlardan 16-nın əyarı qızıl, 15-i gümüş və 16-sı bürüncdür. Boksçularımız 47 medaldan 11-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandalarımızın üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışların hər birində qızıl mükafat qazanıblar. Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq) və məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. Komandalarımız göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi) olub. İdmançılarımız Avropa birinciliklərində 3 qızıl medalla yanaşı, 2 gümüş və 6 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçumuz da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub.Ayrı-ayrı yığmalarımıza gəlincə, son 6 ayda yeniyetmə idmançılarımız daha çox medal qazanıblar. Azərbaycan boksunun sabahı hesab olunan komandamız 3 beynəlxalq turnirdən Vətənə 16 medalla qayıdıb. Onlardan 12-si oğlanların, 4-ü qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları də buraya əlavə etsək, mükafat sayı 21-ə bərabərdir. Medallardan 8-si qızıl, 8-i gümüş və 5-i bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.

Tahir bəy bildirib ki, gənc boksçularımızın hesabında isə 16 medal var. Həmin mükafatlar 3 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub. U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Kişi boksçulardan ibarət milli komanda isə 2 beynəlxalq turnirdə mübarizə aparıb. İdmançılarımız Qazaxıstanda təşkil olunan yarışda 2 bürünc, ABŞ-da baş tutan turnirdə isə 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Beynəlxalq yarışlarla yanaşı, ölkəmizdə də bir sıra turnirlər keçirilib. Böyüklər, gənclər, yeniyetmələr və məktəblilər arasında Azərbaycan çempionatları təşkil olunub. Komandalarımız ölkədaxili və beynəlxalq arenalarda təlim-məşq toplanışlarında olublar. Bir sıra yığmalar Bakıda boksçularımızla hazırlaşıblar. Həmçinin, bölgələrdə boksun daha da inkişafı və kütləviləşməsi, idmançıların və hakimlərin səviyyələrinin artırılması istiqamətində işlər görülüb. Hazırda isə İtaliyada yeniyetmələr arasında Avropa birinciliyi keçirilir. Komandamızın 5 medalı təmin etdiyi dəqiqləşsə də, əyarları final görüşündən sonra bəlli olacaq. Bu isə o deməkdir ki, artıq Azərbaycan boksçularının beynəlxalq arenada qazandıqları mükafatların sayı oktyabrın 4-də 52 olacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə