Azərbaycan Kubokunun VI mərhələsinin kriterium növü üzrə qaliblər mükafatlandırılıb

Oktyabrın 1-də şose velosipedi üzrə Azərbaycan Kubokunun sonuncu - VI mərhələsinə start verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən iki mərhələli yarışda bütün yaş kateqoriyalarında olan velosipedçilər iştirak edirlər.

Birinci mərhələdə idmançılar kriterium növü üzrə mübarizə aparıblar. Bakıda yerləşən Veloparkda baş tutan bu mərhələdə qadın velosipedçilər 20 km, kişi velosipedçilər isə 30 km məsafə qət ediblər.

Ümumilikdə 65 idmançının mübarizə apardığı yarışda qadınlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini geridə qoyaraq qızıl, İradə Əbdürəhmanova (Təhsil RİM) gümüş, Aybəniz Abbaszadə (ROEQİUGVM) isə bürünc medal qazanıb. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM) birinci, Ravi Rzayev (ROEQİUGVM) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM) isə üçüncü yerə çıxıb. Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında Kamran Mirzəxanov (ROEQİUGVM) hamıdan yaxşı nəticə göstərərək qızıl, Nəcəf Bağırov (ROEQİUGVM) gümüş, Samir Cəbrayılov (MSN) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışda ilk dəfə olaraq AVF-nin Şamaxı və İsmayıllı filiallarının idmançıları da iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, oktyabrın 2-də keçiriləcək ikinci mərhələdə həm qadın, həm də kişi velosipedçilər Şamaxı yolunun 36-cı km-dən start götürməklə 4,5 km məsafəyə dağa fərdi ötüşmə növündə güclərini sınayacaqlar.

Bu yarışın nəticələri bəlli olandan sonra bütün mərhələlər üzrə (VI mərhələnin cəmi) velosipedçilərin qazandıqları xallar hesablanaraq Azərbaycan Kubokunun qalibləri də müəyyənləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə