Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Son zamanlarda Azərbaycan idmanında müəyyən irəliləyişlər hiss olunur. Demək olar ki, idmançılarımızın həm fərdi, həm də komanda oyunlarında göstərdikləri nəticə hər birimizi qürurlandırır. Güləş, cüdo, futbol və s. digər idman növlərində olan uğurlarımız Azərbaycan idmanının inkişafına təkan verir. Bəs insanlar Azərbaycan idmanı deyərkən nə başa düşür? Onlar üçün ən yaxşı inkişaf etmiş idman növümüz hansıdır? Hələ də bu sahədə hansı boşluqlar var? Bütün bunlara cavab tapmaq məqsədi ilə SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Fazil Əsgərov: “Mən idmanımızı çox yaxından izləyirəm. Bugünkü gün Azərbaycan idmanı deyərkən yada güləş, cüdo, futbol idman növləri düşür. Son zamanlar adını qeyd etdiyim idman növləri yüksək səviyyədə inkişaf edir. Güləşdə əldə etdiyimiz nailiyyətlər çox yaxşıdır. Azərbaycan futbolunda müəyyən boşluqlar var. Lakin ümid edirəm ki, bu boşluqlar da zaman keçdikcə öz yerini tapacaq".

Şəhər sakini Xəyal Əliyev: “Fərdi idman növlərində Azərbaycan idmanı çox yüksək səviyyədədir. Lakin komanda oyunlarındakı çıxışlarımız ürəkaçan deyil. Təbii ki, burada maddi səbəbdən söhbət gedə bilməz. Çünki indiki zamanda klublara yetərincə pul ayrılır. Hər bir idmançı öz üzərində yetərincə çalışsa, düşünürəm ki, idmanımız bir o qədər inkişaf edər”.

Şəhər sakini İsrafil Bəkirov: “Azərbaycan idmanı çox yüksək səviyyədə inkişaf edir. Komanda oyunlarımızda müəyyən nailiyyətlərimiz olsa da, ənənəvi oyunlarda isə əldə etdiyimiz qələbələr daha çoxdur. Buna dünən cüdo idman növündə çıxış edən idmançılarımızın qələbəsini misal göstərmək olar. Cüdo Federasiyasına bildiyiniz kimi Rəşad Nəbiyev rəhbərlik edir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu Federasiyanın fəaliyyəti olduqca təqdirəlayiqdir. Son zamanlar boks idman növündə bir az zəiflik müşahidə olunur. Düşünürəm ki, boksçular da öz üzərlərində işləsə daha yaxşı nəticələr əldə edə bilərlər. Onu da qeyd etmək istərdim ki, Azərbaycanın Zabit Səmədov kimi döyüşçüləri var".

Şəhər sakini Ümid Kərimov: “Mən ölkə klubları arasında “Qarabağ” komandasına azərkeşlik edirəm. Düşünürəm ki, yerli komandalar içərisində ən yaxşı oynayan klublardan biridir. Lakin ümumi vəziyyətə baxdıqda bir sıra boşluqlar var. Bu boşluqların əsas səbəbi futbolçularımızın öz üzərində işləməməsidir. Dünyaca məşhur futbolçu Ronaldo milyonçu olsa belə, hər zaman öz üzərində işləyərək təcrübə əldə edir. Lakin bizim idmançılar bir az pul qazanan kimi hər şeyi unudurlar. Ancaq belə olmamalıdır. Bu kimi hallar baş verməsə futbol idman növü daha yaxşı inkişaf edər. Fərdi idman növlərindən olan güləşdə isə nəticələr hər zaman bizi sevindirir. Güləş üzrə olan nailiyyətlərimiz hər zaman yüksək olub. Bu hal da bizi hər zaman qürurlandırır”.

Şəhər sakini Gülər Əhmədova: “Fikrimcə, ölkəmizdəki idman sahəsi getdikcə inkişaf edir. Dünya ölkələrində keçirilən yarışlarda idmançılarımızın yüksək nəticə əldə etməsi bir vətəndaş kimi məni hər zaman sevindirir. Sonuncu olaraq Zabit Səmədovun döyüşünü izlədim. Onun vida döyüşü olsa belə, bir idmançı olaraq hər zaman bayrağımızı yüksəklərdə dalğalandırıb. İnanıram ki, belə idmançılarımızın sayı getdikcə artacaq. Həmçinin, bu kimi qələbələrimiz olduqca gənclərimizdə idmana olan marağı çoxalacaq”.

Şəhər sakini İmran Qədirov: “Azərbaycan idmanı son 20 ildə çox yüksək səviyyədədir. Ümumilikdə idman ölkədə yox səviyyəsində idi. İlk növbədə, idmanın uşaqlar arasında inkişaf etməsi üçün müəyyən proqramlar hazırlanmalıdır. Bir zamanlar məhəllə futbolu ilə bağlı veriliş hazırlansa da, yarımçıq qaldı. Ölkədə idmanın inkişafı üçün bölgələrdə idman zalları açılmalıdır. Dağ rayonlarında yaşayan elə bir istedadlı gənc ola bilər ki, onun üzərində işləyib idmana cəlb etmək üçün müəyyən seleksiya işləri aparılmalıdır. Türkiyədə belə idman məktəbləri çoxdur. Lakin ölkədə belə məktəblərin sayı maksimum 2 ola bilər. Həmçinin idmanın inkişafı üçün müəyyən sponsorlor olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB