Azərbaycanda idmana maraq hansı səviyyədədir? - İDARƏ RƏİSLƏRİ ŞƏRH ETDİ
Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən Açıq Avropa turnirində 6 medal qazanıb. Yarışa yollanan 13 idmançıdan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc medala sahib olub. Ümumilikdə Azərbaycanda cüdo idman növündə inkişaf varmı? Cüdo idman növü üzrə qələbələrimiz idmana nə dərəcədə töhfə verir? SİA mövzü ilə əlaqədar olaraq idman üzrə səlahiyyətli şəxslər arasında sorğu edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: “Ümumilikdə cüdo idman növü Azərbaycanda son dövrlərdə əvvəldə olduğu kimi inkişaf edir. Cüdo Federasiyasına yeni rəhbərliyin təyinatından sonra Federasiya Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Avropa Cüdo Federasiyası ilə sıx təmasdadı. Bir çox yeniliklərin: sistemin tətbiqi, Cüdo Federasiyasında beynəlxalq təcrübənin öyrənilməsi, yarışlara sistemli şəkildə hazırlıq, ölkə daxilində və xaricində təlim-məşq toplanışlarının keçirilməsi, əvəzedici heyətin, gənc nəslin inkişaf etdirilməsi, klubların saynının artırılması, regionlarda ustad dərslərinin keçirilməsi geniş vüsət alıb. Belə ki, Cüdo Federasiyası ölkədaxili Bakı şəhər idman yarışlarını, Bakı birinciliyini, klub yarışlarının sayını artırıb. Bu da idmançılarda təcrübənin artırılması baxımından böyük təkan verir. Həmçinin tibbi bərpa, dopinqlə mübarizə, idmançıların rəqəmsal göstəricilərinin öyrənilməsi nəticəsində məşqçi korpusuna hər bir idmançının üzərində çatışmayan cəhədlərini işləməyə əsas verib. Bütün bunların nəticəsi olaraq son dövrlər cüdo yığma komandamız istər Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında, istərsə də, yeniyetmələrin cüdo festivalında, beynəlxalq yarışlarda davamlı nəticələr göstərir və hər biri çəki dərəcəsində bir-birindən güclü idmançılarımız mövcuddur, eyni zamanda gənc nəsil böyüyür. Əminliklə deyə bilərik ki, ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxlaq yarışlara ilin sonuna kimi hazırlıqlar gedir. Ümidvarıq ki, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarına Azərbaycan güclü cüdo heyətilə qatılacaq. Bir daha idmançılarımızın nəticəsi ilə əlaqədar olaraq cüdo ailəsini təbrik edirəm”.

Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: “Cüdoçularımızın beynəlxalq yarışlarda uğur qazanması bizi qürurlandırır. Bu günlərdə İtaliyada keçirilən cüdo üzrə açıq Avropa turnirində Azərbaycan Milli komandasının uğurlu nəticə əldə etməsi bizi sevindirir. Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. İdmançılarımızın yarışlardan ölkəmizə qələbə ilə dönməsinin əsasında dövlətin idmana, idman mütəxəssislərinə göstərdiyi qayğının nəticəsidir. Ölkəmizdə günü-gündən idmanın maddi-texniki bazası yaxşılaşdırılır və bu da yeni-yeni idmançıların üzə çıxmasını təmin edir. Cənab Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr əldə etmiş idmançılar ilə görüşdə qeyd etmişdir: “Bu gün Azərbaycanda idmana, xüsusi ilə də idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcəkdir. Çünki idmanla məşğul olmaq üçün şərait var”. İnanırıq ki, idmançılarımız bundan sonra da Cənab Prezidentin onlara göstərdiyi qayğını və etimadı yeni qələbələri ilə doğruldacaqlar.
Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB