Müstəqilliyimizin bəhrəsi: idmançılarımız və uğurlarımız TƏHLİL+YANAŞMA

Müstəqilliyimizin bəhrəsi: idmançılarımız və uğurlarımız TƏHLİL+YANAŞMA

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yekunlaşması və idmançılarımızın 55 ölkə arasında 4-cü yerə layiq görülməsi qürurverici haldır. Qeyd edək ki, bundan əvvəlki, həm də Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız 1-ci yerin sahibi olmuşdular.

Nəinki bu gün gündəmdə olan İslam Həmrəyliyi Oyunlarında, ölkəmizin idmançıları illərdir ki, dünya miqyaslı idman oyunlarında müvafiq yerləri tutur, ölkəmizə medallarla qayıdır, bayrağımızı yüksəklərə ucaldırlar. Bütün bunlar isə müstəqilliyimizin bərpasından sonra mümkün olmuşdur. Odur ki, ölkəmizdə idmanın inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından söhbət açmaq yerinə düşər.

Əsarətində yaşadığımız sovet quruluşunun 70 illik zaman kəsiyində ölkəmizdə bütün sahələr kimi, idman sahəsi də mürgüləməkdə idi. Necə ki, Azərbaycandan olan oğlanlar hərbi xidmətə çağırılan zaman fəhlə batalyonlarına göndərilirdi, xalqımızın təfəkkürünü yaxşı bələd olan imperiya başçıları bu siyasətlə bizi geridə qoymağa, övladlarımızın öyrənməsinə maneçilik yaradır, həmçinin idman qabiliyyəti olan uşaq, yeniyetmə və gənclərimiz də üzə çıxarılmır, onların potensialı kölgədə qalmaqla məhv edilirdi.

Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də ölkəmizdə bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan vermişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin Prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.

Olimpiya Hərəkatı idmanın inkişafına təkan verdi

Müstəqilliyimizin bərpasından sonra bütün sahələr kimi, idman sahəsində də inkişafın təməli qoyuldu. Ölkəmizdə olimpiya hərəkatının başlanmasına və onun fəaliyyətinə bu günün prizmasından nəzər saldıqda gözlərimiz önündə bir qərinəyədək dövrün uğur və nailiyyətlərlə dolu mənzərəsi açılır. Bəlkə də 30 ilin əvvəlində idmanın inkişafı ilə bu nöqtəyə gəlib çıxmağın mümkünlüyü heç ağıla da gəlməzdi. Çünki həmin dövr o dövr idi ki, ölkə iqtisadi cəhətdən tənəzzülə uğramışdı. Sovet imperiyasının buxovlarından yenicə azad olan xalq olmazın çətinlikləri ilə üz-üzə qalmışdı. Bu, həyat tərzi olaraq gənclərimizdən də təsirsiz keçmirdi. Milli Ordumuzun yenicə təkmilləşdiyi o illərdə gənc oğlanlar 4-5 il əsgəri xidmət keçir, qayıdanlar işləmək üçün iş yerləri tapmırdılar. Gənc qızların da sosial həyatı çox passiv şəkildə idi, onların asudə vaxtlarının səmərəli təşkili üçün əsaslı bir ünvan yox idi. Belə bir dövrdə gənclərin üzünə onların maraqlarını təmin edə biləcək qapıların açılması təbii ki, 30 ilin sonunda bu uğurların sadalanması ilə nəticələnəcəkdi. Bu qapı idmanın inkişafı, ölkəmizdə Olimpiya Hərəkatının başlanması idi. Bu, həm də ölkənin gələcək inkişafına istiqamətlənmiş siyasətin prioritetlərindən biri idi. Ölkəmizin başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”.

Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Prezident cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibətilə keçirilən mərasimdə deyirdi: “Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir”.

Ötən illərin uğurları...

Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub.

Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə əldə edib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırdılar.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prisinin, 2021-ci ildə futbol üzrə Avropa çempionatının, 2022-ci ildə yenə də Formula-1 Azərbaycan Qran-prisinin müəyyən mərhələlərinin yüksək səviyyədə təşkil olunması ilə nəticələndi.

99: 29 qızıl, 36 gümüş, 34 bürünc

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyəti ən böyük nümayəndə heyəti ilə - 282 idmançıdan əlavə, məşqçi, texniki, idman heyəti ilə yanaşı, media və rəsmi nümayəndələrlə birlikdə 484 nəfərlə təmsil olunurdu. Qardaş ölkədə keçirilən yarışda idmançılarımız 99 medal qazanmışlar ki, onlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmuşdur.

Avqustun 22-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşləri zamanı dövlətimizin başçısı demişdir: V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər.

Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib.

Ölkəmizdə idmanın inkişafında böyük xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva idmançılarımızın uğurlarını hər dəfə yüksək dəyərləndirir və onlara səmimi təbrikini çatdırır. Avqustun 21-də Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızı da təbrik edib: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Bəli, çox qürurverici haldır ki, artıq müstəqil dövlətimizin bütün sahələrdə, eləcə də idman sahəsində uğurları ilə fəxr edirik. Həm də qürur duyuruq ki, gənclərin gələcəyini, sağlamlığını, vətənpərvərliyini onların idmanla məşğuliyyətində görən və idmanın inkişafına hərtərəfli şərait yaradan cənab İlham Əliyev kimi Prezidentimiz var. Ölkəmizin rəhbərinin həm Konyada-yarışın açılış mərasimində, həm də yarışdan sonra idmançılarımızla görüşməsi onlarda yeni-yeni uğurlar üçün stimul yaradır, qələbədən-qələbəyə səsləyir. Görüşdə Prezidentimizin çıxışının sonundakı səmimi sözlər ölkəmizdə idmana və idmançılara qayğının bir daha təsdiqidir: Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.

Azərbaycan bayrağını qürurla dalğalandıran idmançılarımız onu Qarabağda da qaldırdılar

Müstəqilliyimizin bərpasından ötən illərdə idmançılarımız dünya idman yarışlarında neçə-neçə medallar qazanmış, bayrağımızı dəfələrlə yüksəklərə qaldırmışlar. Lakin bütün bu yarışlardakı uğurlarımızla yanaşı, qəlbimizdə bir nisgil, kədər bizi tərk etmirdi. Hər dəfə bayrağımız xarici ölkələrdə idmançılarımızın uğuru ilə yüksəklərdə dalğalananda Qarabağımız gözlərimiz önünə gəlir və biz bu bayrağın o torpaqlarda dalğalanmasının xəyalını qururduq. Qarabağ bizim yaramız, sızlayan, bizi rahat olmağa qoymayan dərdimiz idi. Baxmayaraq ki, ötən illərin hər birində işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün dövlətimizin başçısı ardıcıl tədbirlər həyata keçirirdi, bütün dünyanı haqq səsimizə səs verməyə çağırırdı, lakin səsimizi eşidən yox idi. Belə olan təqdirdə biz torpağımızı öz gücümüzlə geri qaytarmaq qərarına gəldik və 2020-ci ilin 44 günlük İkinci Vətən Müharibəsi ilə torpaqlarımızı yağı düşmənin əsarətindən azad etdik. Minlərlə şəhidimiz, minlərlə qazimiz oldu, lakin 30 ildən sonra Zəfər bayrağını Qarabağda qaldıra bildik.

Gənclərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri şücaət, onların fiziki gücü, son nəfəslərinədək rəşadətlə döyüşmələri, torpaq, Vətən uğrunda şəhid olmaları göstərdi ki, bu xalqın övladlarının Vətən sevgisi bütün sevgilərdən, istəklərdən öndədir. Hər bir yarışda Azərbaycan bayrağını qürurla dalğalandırmağa nail olan idmançılarımız üçrəngli bayrağımızı Qarabağda da dalğalandırmağa nail oldular. Fevral ayında gənclərlə görüşündə Prezident İlham Əliyev onların Vətən müharibəsindəki şücaətindən söhbət açaraq demişdir: “Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən”.

Qalib ölkənin qalib idmançıları

V İslam Həmrəyliyi Oyunları Zəfərimizdən sonra ilk oyun idi ki, idmançılarımız qalib ölkəmizi təmsil edirdilər. Bunu dövlətimizin başçısı Konyada yarış öncəsi də idmançılarımıza söyləmişdi. Oyundan sonra da idmançılara görüşü zamanı bir daha xatırlatdı: Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Baxmayaraq ki, əfsuslar olsun, bəzi hallarda hakimlər sizə qarşı ədalətsiz olmuşdular, qərəzli olmuşdular. Mən imkan daxilində yarışları izləyirdim və görürdüm ki, bizim idmançılarımıza qarşı nə qədər böyük ədalətsizlik göstərilir. Amma buna baxmayaraq, siz təmkinlə, həm özünüz, həm də ki, məşqçiləriniz çox düzgün addımlar ataraq öz gücünüzü sübut etməyə çalışmısınız və buna nail olmusunuz.

Dövlətimizin başçısı çıxışlarında onu da vurğulayır ki, bizim qabaqcıl, görkəmli idmançılarımız bütün idmançılar üçün nümunədir. Çünki onlar həm idmanda böyük uğurlar qazanıblar, həm də onların hamısı vətənpərvər insanlardır. Eyni zamanda, bizim çempionlarımız cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar. Bu, bir yeni davranış nümunəsidir.

Uşaqların, yeniyetmələrin, idmanla məşğul olmaq istəyənlərin də onlara oxşamasını vurğulayan ölkəmizin rəhbəri qeyd edir ki, onlar görürlər ki, əgər sən idmanda böyük uğur əldə etmisənsə, cəmiyyətdə özünü ləyaqətlə aparırsansa, öz həyatını ləyaqətlə qura bilərsən. Ona görə, son illər ərzində idman bölmələrinə müşahidə olunan kütləvi axın bu səbəblərdən qaynaqlanır. Bu, məni çox sevindirir. Çünki bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. İdmanla məşğul olanlar vətənpərvər insanlardır. İdman qələbələri hər bir vətənpərvər Azərbaycan vətəndaşını sevindirir. Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur. Bu sevinc anlarını bizə idmançılar yaşadır. Əminəm ki, gələcək yarışlarda idmançılar yenə də qələbə qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə