V İslam Həmrəyliyi Oyunlarında uğur qazanan idmançılar təəssüratlarını danışıb - SORĞU
Azərbaycan İslam Həmrəyliyi oyunlarına ilk dəfə 2005-ci ildən Məkkə şəhərində qatılmışdır. Həmin oyunlarda ölkəmiz 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanır. Ölkəmiz 2013-cü ildə İndoneziyanın Palembang şəhərində keçirilən yarışlarda 8- ci yerdə olaraq 6 qızıl, 9 gümüş və 9 bürünc medalla kifayətlənir. 4-cü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib. Koronavirusla əlaqədar uzun müddətlik fasilədən sonra nəhayət, bu il qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik elədik. Azərbaycan Oyunlara 200-dən artıq idmançı ilə qatılmışdır. Onlar arasında Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar olub.
Azərbaycan yarışdan ümumillikdə 99 medalla qayıdıb və 4-cü pillədəki mövqeyini qoruyub. Onlardan 29 qızıl, 36 gümüş və 34 bürünc medallardır.
Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib. V İslam Həmrəyliyi oyunlarından ölkəmizə medallarla qayıtmış idmançılar SİA-ya müsahibə verib.
Taekvondo idman növü üzrə Qızıl medal qazanmış Fəridə Əzizova:
- İslam oyunlarında ölkəmizin medal sayısına qızıl medal əlavə etməklə böyük sevinc və qürur hissi keçirirəm. Fəxri kürsüyə çıxan an gülərək çıxdım. Himnimiz səslənəndə içimdə sanki bir emosianal fırtına baş verdi (sevinc hissi). O anları sözlə ifadə etmək çətin idi. Göz yaşlarım, təbii ki, sevinc göz yaşlarıdır. Hədəflərim çoxşaxəlidir, əlbəttə ki, İslam oyunlarındakı qələbə də hədəflərimdən biri idi. Hər zaman olduğu kimi, qalib olmaq üçün çoxlu məşq edirdim. İdmançıların heç biri döyüş günü mən 100% qalib olacağam deyə bilmir. Ümid edirik və bunun üçün çalışırıq. Və şükürlər olsun ki, Allah utandırmadı, zəhmətimiz yerdə qalmadı.
Hər bir yarışda olduğu kimi, İslam oyunlarına da tam ciddi hazırlaşırdıq.
Uğur qazanmağımda ən çox dəstək olan insanlar mənim məşqçilərim oldu. Mənə çox inanırdılar, baxmayaraq ki, 21 ildi idmandayam və bəzi xroniki zədələrimə görə istədiyi nəticələri məşqdə göstərə bilmirdim. Amma onların inamı mənə kömək oldu.
Təbii ki, ailəm də çox sevindi və təbrik etdi. İlk təbriklər elə yarışdakı məşq yoldaşlarımdan gəlmişdir.
Basketbolçumuz Amil Həmzəyev: - Əlbəttə ki, istəyərdik qızıl medalla qayıdaq, ancaq qismətimizdəki gümüş medal oldu. Yenə də sevincliyik, sevinc və qürur hissləri ilə qayıtdıq vətənə.
Bundan sonra ən böyük hədəfimiz qarşıdan gələn 9-11 sentyabrda baş tutacaq Avropa çempionatıdır və reytinq xallarımızı toplayıb olimpiya seçmələrində iştirak etməyi planlayırıq.
Həmişəki kimi hər bir yarışa medal qazanmaq üçün çıxırıq. İslam oyunlarında basketbolda həmişə güclü rəqabət olub. Yarışa xüsusi hazırlaşmışdıq və əlimizdən gələni etdik. Həmin vaxtlarda Serbiyada təlim məşq toplantısındaydıq, elə ordan yarışa qatıldıq.
Uğur qazanmağımda ən çox dəstək olan ailəm oldu, hər oyunu, hər anı həyəcanla izləyirdilər. Atam, anam qardaşım hər zaman dəstəklərini hiss elətdiriblər.
Bakıda təşkil olunan 4-cü İslam Oyunları təşkilatçılıq baxımından daha yüksək səviyyədə idi. Evimizdə oynadığımız üçün o vaxt məsuliyyətimiz ikiqat idi. Bu il də qardaş ölkədə olduğu üçün çox qəribçilik hiss etmədik. Yerli tamaşaçılar da daxil olmaqla çox adam bizi dəstəkləyirdi.
Taekvondo üzrə gümüş medalçı Cavad Ağayev:
- Mən də istərdim ki, gümüş medalla yox, qızıl medalla vətənə qayıdım, amma çox şükür ki, vətənə əliboş dönmədim. Ölkəmə gümüş medal gətirdim.
Bundan sonrakı hədəfim qarşıdakı Dünya çempionatı və Olimpiya oyunlarıdır. Çalışacam ki, vətənimi layiqincə təmsil edim və qızıl medalla vətənə dönüm.
Çox çalışırdım və məqsədli idim. Heç kim bilə bilməzdi ki, qismətində nədir. Düzdür hər idmançının arzusu qızıl medal qazanmaqdır.
Mənə ilk öncə ailəm və müəllimlərim dəstək oldu. Təbii ki, məşq yoldaşlarımın da dəstəyi böyük olmuşdur.
Taekvondo üzrə gümüş medalçısı Minayə Əkbərova:
- Çox sevincli idim, çox qürurverici hiss idi mənim üçün. Çox istəyərdim fəxri kürsünün 1 -ci pilləsində himnimizi səsləndirdim, amma alınmadı, buna baxmayaraq təəssüf hissi yaşamıram, çünki idman karyeramın hələ başlanğıcında olduğumu düşünürəm. İnşallah daha çox çalışıb o nəticəni də əldə edərəm. Hər bir idmançı kimi dünya çempionatının mükafatçısı olmaq istəyirəm. Qarşıda qadınların dünya çempionatı və Meksikada dünya çempionatı keçiriləcək. İnşallah orada da vətənimizi layiqincə təmsil etmək qismət olar. Özümə güvənirdim və o medalı nə qədər çox arzuladığımı özümə tez-tez xatırladırdım. İdman elə bir sahədir ki, qalibiyyət çox olduğu kimi məğlubiyyət də çox olur . Öz adıma deyə bilərəm ki, hər məğlubiyyətdən sonra öz səhvlərim üzərində daha çox calışmağa başlayıram ki, növbəti yarışlarda daha uğurlu iştirak edə bilim.
Uğur qazanmağımda mənimlə birgə müəllimlərimin, məşq yoldaşlarımın və ailəmin böyük payı var. Buna tək mənim yox, bütün komandamızın uğuru kimi baxırıq.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB