"Bu nəticələr qürurvericidir" - İDARƏ RƏİSİ AÇIQLADI

"9 avqust 2022-ci il tarixdə Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına start verilib. 56 ölkədən 4 mindən çox atletin qatıldığı oyunlar yalnız idman yarışları deyil, eyni zamanda islam ölkələrinin birlik göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

İdarə rəisinin sözlərinə görə, avqustun 11-də Oyunlar çərçivəsində keçirilmiş"Azərbaycan günü" bunun baris nümunəsidir: "Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162 medal) birinci olmuşlar.

Sevindirici haldır ki, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin bu günə kimi yarışlarda 22 qızıl, 28 gümüş və 25 bürünc olmaqla, ümumilikdə 75 medal qazanması dayüksək göstəricidir. Şübhəsiz ki, idmanın inkişafı və idmançılarımızın beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri Azərbaycan reallıqlarının qlobal müstəvidə təbliği üçün də böyük əhəmiyyət daşıyır. İnanıram ki, Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqəti və qayğısı sayəsində gələcəkdə hər hansı ölkədə keçiriləcək beynəlxalq yarışlarda da idmançılarımız yüksək nəticələr əldə edərək bayrağımızı dalğalandıracaqlar və dövlətimizin onlara olan etimadını doğruldacaqlar".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə