Şpaqaçımız yarımfinala yüksəlib

Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin şəxsi yarışında qaliblər müəyyənləşəcək. SİA xəbər verir ki, təmsilçilərimizdən Barat Quliyev (4 qələbə) qrup mərhələsini uğurla adlasa da, pley-offda Fələstin təmsilçisi Abdulla Əlhəmmədiyə 14:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsini uğurla başa vuran Kənan Əliyev (3 qələbə) isə ilk pley-off görüşündə Səudiyyə Ərəbistanı şpaqaçısı Əhməd Əlhüseyni 15:7 hesabı ilə məğlub edib. Kənan ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Qırğızıstan qılıncoynadanı Roman Petrova 12:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsini uğurla başa vuran Ruslan Həsənov (4 qələbə) ilk pley-off görüşündə Türkiyə təmsilçisi Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib. 1/8 finalda Cavad Əldavudu (Səudiyyə Ərəbistanı) 15:8 hesabı ilə mübarizədən kənarlaşdıran Ruslan ən güclü 8-liyə yüksəlib. Ruslan Həsənov yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İordaniya təmsilçisi İyad Odehlə qarşılaşıb. Rəqibini 15:11 hesabı ilə məğlub edən Ruslan yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Həsənov 1/2 finalda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə