Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb - FOTOLAR

Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək 20 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, ölkə 7 gün davam edəcək mundialda güləşin hər üç növündə təmsil olunacaq.

Yarışın ilk 3 günündə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Soslan Tigiyev (79 kq) və Səbuhi Əmiraslanov (86 kq) yer alıb.

17 - 19 avqustda qadın güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəni Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.

Çempionatın son 3 günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...