Beş boksçumuz Millətlər Kubokunda medal qazanıblar

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər Kuboku davam edir. SİA Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 1/4 final mərhələsi başa çatıb.

Yarımfinala gedən yolda Azərbaycan millisinin daha 5 boksçusu qüvvəsini sınayıb. Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmmədəli Aşırəliyev (54 kq) rumıniyalı Dani Qriqori ilə üz-üzə gəlib. İlk görüşdə Simon Qloriosonu (İtaliya) mübarizədən kənarlaşdıran həmyerlimiz bu dueldən də qalib ayrılıb – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinalda Lukas Kuxera (Çexiya) ilə döyüşəcək.

50 kq çəkidə mübarizə aparan Tağı Nəsibovun rəqibi Nikola Mixailoviç görüşə gəlmədiyindən qalib elan olunub. O, final üçün italiyalı Françesko Krusilla (İtaliya) ilə üz-üzə gələcək.

Məhəmmədəli Qasımzadə (57 kq) də 1/4 final mərhələsini asan qələbə ilə adlayıb. Təmsilçimiz Tisiano Alkiatinin (İtaliya) ardınca Daniel Frankı (Macarıstan) da 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Qasımzadə 1/2 finalda bolqarıstanlı Viktorio İlyevlə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Vaqif Hacıyev (50 kq) Daniel İrofteyə (Rumıniya), Məhəmməd Quliyev (63 kq) Oner Seyilxana (Qazaxıstan) məğlub olaraq, mübarizəni dayandırıblar.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb. Daha öncə Bilal Nəzərov (46 kq) da 1/4 final səddini keçib. O, yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsində Faiq Mollayev isə Nikolas Bonku (Rumıniya) sınağa çəkəcək.

Qeyd edək ki, 5 boksçumuz yarımfinala yüksəldiyindən onların hər biri özü üçün azı bürünc medalı təmin edib. Mükafatların əyarı növbəti döyüşlərdə bəlli olacaq. Millətlər Kubokunda qaliblərin adları isə sabah bilinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə