"Real Madrid" UEFA Super Kubokunun qalibi olub

Avqustun 11-də Finlandiyanın paytaxtı Helsinkidə futbol üzrə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Helsinki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları qarşılaşıblar.

FIFA hakimi ingiltərəli Maykl Oliverin idarə etdiyi görüşün birinci hissəsində hesab açılıb. Matçın 37-ci dəqiqəsində braziliyalı müdafiəçi Kazemironun cinah ötürməsindən sonra David Alaba hesabı açıb. İlk hissə “Real Madrid” komandasının 1:0 hesabı ilə üstünlüyü ilə yekunlaşıb.

Oyunun ikinci hissəsinin 65-ci dəqiqəsində Vinisius Juniorun ötürməsini Kərim Benzema qola çevirərək hesab arasında fərqi ikiyə çatdırıb.

Beləliklə, Avropanın iki ən nüfuzlu klub turnirinin çempionlarının üz-üzə gəldiyi görüşdə Karlo Ançelottinin yetirmələri 2:0 hesablı qələbə qazanaraq Super Kubokun qalibi olublar.

Avropa futbol qurumu qarşılaşmada ilk dəfə “Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyası”nı tətbiq edib.

Qeyd edək ki, baş məşqçi Karlo Ançelottinin kollektivi UEFA Çempionlar Liqası, “Ayntraxt”ın baş məşqçisi Oliver Qlasnerin futbolçuları isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar. “Real Madrid” Fransada UEFA Çempionlar Liqasının final oyununda “Liverpul”u 1:0 hesabı ilə məğlub etmişdi. “Ayntraxt” isə Avroliqanın həlledici görüşündə penaltilər seriyasında (5:4) “Reyncers”dən (Şotlandiya) üstün olmuşdu.

İndiyədək yeddi dəfə Superkubok oyununda iştirak edən “Real Madrid” dörd dəfə qələbə əldə edib. “Ayntraxt” isə UEFA Super Kuboku kimi matça ilk dəfə çıxıb.

Xatırladaq ki, bu komandalar 62 ildən sonra yenidən avrokubokların finalında üz-üzə gəlir. İspaniya və Almaniya təmsilçiləri daha əvvəl 1960-cı ildə UEFA Çempionlar Kubokunun Şotlandiyada keçirilmiş həlledici oyununda rəqib olublar. Həmin görüşdə 7:3 hesablı qələbə qazanan Madrid klubu ardıcıl beşinci dəfə kuboka sahib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə