Azərbaycanda futbol dirçəlir ya necə? - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycan futbolu yeni dövrünü, yeni mərhələsini yaşayır. Bu günlərdə biz Azərbaycan klub komandaları arasında həm “Neftçi”nin, həm də “Qarabağ”ın oyunlarına baxıb sevinirik". Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, komandalarımız uğurlar əldə edir, mərhələ adlayırlar: "Ümid edirik ki, bu davamlı şəkildə irəliləyəcək. Eyni zamanda bilirsiniz ki, Türkiyənin Konya şəhərində İslam Həmrəylik Oyunları start götürüb və Azərbaycanın 23 yaşlı gəclərindən ibarət milli yığması orada ölkəmizi təmsil edəcək. Çalışacaqlar ki, komandamız uğurlu nəticələri ilə bizi sevindirsin. Bu günlərdə ölkə çempionatı start götürüb və əvvəlki dövrlərdən fərqli olaraq yeni iki klub da bu çempionata qoşulub.

Ümidvarıq ki, gələcəkdə klublarımızın sayı biraz da artacaq. Təbii ki, bütün sahələrdə olduğu kimi futbolda da bir sıra işlər görülür. Mini futbol komandamız Avropa çemionu oldu və ölkə başçısı İlham Əliyev tərəfindən çempionlarımız qəbul edildi. Düşünürük ki, mini futbolun ölkəmizdə inkişafı üçün bu qalibiyyət bizə böyük təkan verəcək. Görürük ki, çimərlik futbolu ilə bağlı da bir sıra görüşlər, təlimlər keçirilir.

Azərbaycanın çimərlik futbolu komandasının Səudiyyə Ərəbistan komandası üzərindəki qalibiyyəti bizə onu deməyə əsas verir ki, yeni komanda formalaşacaq və onun uğurları olacaq. Azərbaycanda əlbəttə ki, uşaq futbolunun inkişafı ilə bağlı görüləsi işlər çoxdur. Bu sahədə yeni-yeni layihələr nəzərdə tutulur. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyası Assosiasiyası və klublar çalışmalıdır ki, yeniyetmələr, gənc nəsillər arasında yarışlar çox olsun. Bu yarışlar yeni simalar, yeni oyunçular yetişdirsin. Əlbəttə ki, bu sahədə də çətinliklər var və bu çətinliklər üzərində daimi iş getməlidir. Futbol sahəsində hakimlərimiz yetişməlidir, daha yaxşı nəticə əldə etmək üçün çalışmaq lazımdır. Düşünürəm ki, Azərbaycanda futbol əvvəlki illərə nisbətən yeni mərhələyə qədəm qoyacaq və uğurları ilə azərkeşlərini sevindirəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...