“İrqçi şüar səsləndirənlər özlərindən utansın" - "Ferentsvaroş"un prezidenti

"İrqçi şüar səsləndirənlər özlərindən utansınlar". SİA xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov deyib.

O, UEFA tərəfindən cəzalandırıldıqlarına görə, öz azarkeşlərini günahlandırıb: “Prezident seçildiyimizdən on ildən artıqdır ki, biz "Fradi"də ("Ferentsvaroş"un ləqəbidir – red.) təcridin bütün formalarına qarşıyıq. Daim təbliğat aparır, təkcə sözdə deyil, həm də əməldə bununla mübarizə aparırıq. İndi həm dərindən məyus olmuşam, həm də çox qəzəbliyəm. UEFA-ya maksimum həqiqəti deyirəm, qərarın legitimliyi ilə belə mübahisə etmirəm. Tribunalarda qadağaedici sözlər eşidildiyinə görə hansısa sektoru bağlamalıyıqsa, onda bunu edəcəyik. Fikirləşirdim ki, hətta qatı azarkeşlərimiz də "Fradi" matçında özlərini necə aparmağı artıq öyrəniblər. Ancaq hələ də "Fradi"də bir olduğumuzu unudurlar. İrqçi şüarlar qışqıranlar özlərindən utansınlar”.

Qeyd edək ki, UEFA "Ferentsvaroş"u Slovakiyanın “Slovan” klubu ilə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş iki oyunun nəticəsinə əsasən cəzalandırıb. Azarkeşlərin irqçi davranışına görə Macarıstan klubu UEFA-nın himayəsi altında keçirilən növbəti matçda stadionun 1000 nəfərdən az olmayan B sektorunun bağlanması cəzası və 15 min avro məbləğində cərimə ilə cəzalandırılıb. Bundan əlavə, “Ferentsvaroş” UEFA-nın himayəsi altında keçiriləcək növbəti matçda “#NoToRacism” (“İrqçiliyə yox”) yazısı olan pankart asmalıdır. Kluba növbəti səfər matçı üçün bilet satışı da qadağan edilib. Bundan əlavə, “Ferentsvaroş” atəşfəşanlıq, kənar əşyalar atma, təxribat xarakterli təhqiredici şüarlar kimi hərəkətlərə görə 50 min avro cərimələnib. Həmçinin, klub ictimai keçidləri bağladığına görə daha 14 min avro UEFA-ya və 20 sınmış skamyaya görə "Slovan"a pul ödəməli olacaq.

Xatırladaq ki, "Ferentsvaroş" – "Qarabağ" matçı avqustun 9-da keçiriləcək. "Groupama Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...