Futbol dünyanın 200-dən çox ölkəsində 250 milliyon futbolçu tərəfindən oynanılır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynanılır. Oyunun məqsədi rəqibin qapısından mümkün qədər çox qol keçirtməkdir.
Son dövrlər Azərbaycan futbolunda da ciddi şəkildə irəliləyişlər nəzərə çarpmaqdadır. Buna misal olaraq son zamanlarda “Qarabağ” və ”Neftçi” komandalarının oyunlarda qazandığı qələbələri göstərmək olar. Bəs hazırda futbolumuzda hansı boşluqlar var? Nəyə görə digər komandalar aktiv şəkildə iştirak etmir? Mövzu ilə əlaqədar olaraq şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə SİA olaraq sorğu keçirdik.

Şəhər sakini Emil Mikayılov: “Milli yığma komandamız çox zəifdir. Düşünürəm ki, komandaların zəif olmasının əsas səbəbi idmançıların peşəkar olmamasıdır. Mən özüm mütəmadi olaraq “Qarabağ” komandasının oyunlarını izləyirəm. İnanıram ki, gələcəkdə “Qarabağ” komandası böyük uğurlara imza atacaq. Lakin ümumilikdə futboldakı vəziyyət çox acınacaqlıdır”.
Şəhər sakini Salman Əliyev: “Mən cavanlığımda futbolla çox yaxından məşğul olmuşam. Lakin zaman keçdikcə müəyyən səbəblərdən futboldan uzaqlaşmışam. Hazırda futbola baxmıram və azərkeşlik etdiyim komanda yoxdur. Lakin hər şey göz qabağındadır. Azərbaycan futbolunda vəziyyət çox aşağı səviyyədədir. Bunun bir sıra səbəbləri var. Bilirəm ki, bu səbəbləri də hamımız yaxşı bilirik”.

Şəhər sakini Şamil Fərzəliyev: “2008-ci ildən etibarən “Qarabağ” komandasının oyunlarını izləyirəm. Düşünürəm ki, yeni transferlər olunsa və maliyyə baxımından vəziyyət yaxşılaşdırılsa Azərbaycan futbolu zaman keçdikcə yaxşı mənada irəliləyə bilər. Gördüyünüz kimi “Qarabağ” qələbə qazandıqca onun izləyiciləri artır. Lakin başqa komandaların oyununda 30-40 nəfər azərkeş olur. Bu səbəbdən azərkeşin çox olmasıda həmin komandaya böyük təsir edir".
Şəhər sakini Fərid Əmiraslnov: “Fikrimcə, bugünkü gün “Qarabağ” komandası çox yaxşı bir şəkildə Azərbaycan futbolunu tanıdır. Lakin yalnız “Qarabağ” və “Nefçi” komandalarının yaxşı nəticə əldə etməsi ilə Azərbaycan futbolu bitmir. Çünki Azərbaycan Premyer Liqasında 8 komanda var. İki komandadan başqa qalan 6 klub da öz üzərində işləsə çox yaxşı olar. Bugünkü gün komandaların zəif olmasında başlıca səbəb sponsorların və maliyyə dəstəyinin zəif olmasıdır. Azərbaycanda futbolu gücləndirmək üçün çox yaxşı transferlər edilməlidir”.

Şəhər sakini Nurlan Quliyev: “Mən demək olar ki, futbolu izləmirəm. Çünki marağım yoxdur. Lakin izləməsəm belə bugünkü gün futbolumuzun aşağı səviyyədə olduğunu görürəm. Buna əsas səbəbin futbolçuların öz işlərinə məsuliyyətsiz yaşamalarından irəli gəldiyini düşünürəm. “Qarabağ” və “Neftçi” komandalarının oyununu çox nadir hallarda izləmişəm. Deyərdim ki, futbolda olan üz qaralığımızı heç olmasa onlar təmizləyir”.
Şəhər sakini Oqtay Abbasov: “Mən Sovet dövründən “Neftçi” futbol komandasının azərkeşiyəm. Hətta əvvəlki dövrlərdə “Neftçi”nin bir sıra məşhur idmançıları ilə yaxından münasibətim olub. Amma ümumi vəziyyət futbolda yaxşı deyil. Mən çox istərdim ki, bu gün bizim futbol komandalarımızda yerli idmançılarımız yer alsınlar. Lakin çox təəssüflər olsun ki, ucuz qiymətə xarici ölkələrin futbolçularını transfer edirlər və bu da heç bir nəticə vermir. Mən futbolu izləyərkən komandam uduzanda çox böyük əsəb hissi keçirirəm. Hətta bəzən həyat yoldaşım gəlib deyir ki, sənin qışqırmağının heç bir mənası yoxdur onlar onsuz da sənin səsini eşitmirlər. Amma bu mənim özümdən aslı deyil".

Şəhər sakini Ramin Əliyev: “Mən ara-sıra hallarda futbola baxıram. Futbola arabir baxmağımın əsas səbəbi oyunlardan heç bir həzz almamağımdır. Ancaq nə qədər də olmasa bir gün futbolumuzun inkişaf edəcəyini düşünürəm. Çünki bu belə gedə bilməz. Düşünürəm ki, ölkəmizdə çox yaxşı potensiala sahib olan idmançılar var. Lakin müəyyən səbəblərdən həmin insanları qabağa çəkmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB