"Məqsədimiz Azərbaycan güləşini zirvəyə yüksəltməkdir” - Əsgərxan Novruzov

"Məqsədimiz Azərbaycan güləşini zirvəyə yüksəltməkdir” - Əsgərxan Novruzov

İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz vətənə qayıdıb. SİA-nın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, komanda hesabında dünya 3-cüsü olan yığmamızın böyük məşqçisi Əsgərxan Novruzov açıqlamasında bütün güləş həvəskarlarını və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib.

Böyük məşqçi qeyd edib ki, təxminən 40 gün əvvəl Avropa çempionatından möhtəşəm qələbəylə qayıtmışdıq: "6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında çempion olmuşduq. Təbii ki, Avropa və dünya çempionatları fərqli yarışlardır. Komandamızın hazırlığı o qədər yaxşı idi ki, dünya çempionatından da daha yaxşı nəticə gözləyirdik. O cümlədən komanda hesabında çempion olacağımıza inanırdıq. Yəqin ki, görüşlərimizi izləmisiniz. Bir çox xallarımız son anlarda əldən getdi. Dünya çempionatı çox ağır keçdi. Daim ön sıralarda olan İranı qabaqlayıb 3-cü yeri tutduq. Məşqçilər və güləşçilər sağ olsunlar. Özlərini doğrultdular. Dünya çempionatında 2 qızıl medal Azərbaycan üçün çox yaxşı nəticədir. Avropada bizdən başqa qızıl medal qazanan ölkə olmadı. Bizim əsas işimiz böyüklərdən ibarət komanda üçün güləşçilər yetişdirməkdir. Bu gün heyətdə yer alan 6 idmançımız gələn ildən gənclərdə yer alacaq. Məqsədimiz bütün yaş qrupları üzrə birgə fəaliyyət göstərib, Azərbaycan güləşini zirvəyə yüksəltməkdir”.

Xatırladaq ki, mundialda Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə