“Yuventus”dan yeni transfer

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Matç. az-a istinadən xəbər verir ki, Turin təmsilçisi “Cenoa”nın müdafiəçisi Andrea Kambyazonu transfer edib.

Bu barədə Turin klubunun rəsmi saytı xəbər yayıb. 22 yaşlı italiyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Kambyazo “Cenoa”nın öz yetirməsidir. O, “Albissola”, “Savona”, “Alessandriya” və “Empoli” kimi komandalarda icarədə oynayıb. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə “Cenoa”nın heyətində 27 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Yuventus” bu transferin qarşılığında öz müdafiəçisi Radu Draquşini də “Cenoa”ya icarəyə verib. Rumıniyalı futbolçunun icarə müqaviləsinin müddəti 2023-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə satınalma şərti də var.

Radu Draquşin 2018-ci ildə “Yuventus”a cəlb olunub. O, Turin təmsilçisinin əsas komandasında cəmi 4 oyuna çıxıb. Rumıniya yığmasının da üzvü olan 20 yaşlı mərkəz müdafiəçisi geridə qalan mövsümdə “Sampdoriya” və “Salernitana”da icarədə oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə