“Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi

“Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi

Oyunumuz uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. “Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Ağdamın “Qarabağ” klubuna məğlub olan Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Qarabağ”ı qələbə münasibətilə təbrik edən niderlandlı mütəxəssis deyib: “Məğlubiyyətin fərqi yoxdur. Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi. İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. “Qarabağ” çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər".

Qeyd edək ki, “Qarabağ” rəqibini 5:1 hesabı ilə məğlub edib. Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1. İki oyunun nəticəsinə görə Ağdam klubu turnirin ikinci təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə