Teymur Rəcəbovdan Madriddə növbəti heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 5-ci turda ağ fiqurlarla çinli Dinq Liren ilə üz-üzə gəlib. Rəcəbov FİDE reytinqinin ikincisi ilə matçın 50-ci gedişində “sülh bağlayıb”.

Teymur daha öncə Fransa təmsilçisi Alireza Firuzca, FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi və polşalı Yan-Kşiştof Duda ilə də heç-heçəyə razılaşmışdı. O, 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya məğlub olub. Təcrübəli şahmatçı hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarətdir. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri

5-ci tur

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) 0,5:0,5

Fabiano Karuana (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5

Alireza Firuzca (Fransa) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5

Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5

Xal durumu: Nepomnyaşi - 3,5, Karuana - 3, Duda, Rapport, Nakamura - 2,5 Liren, Rəcəbov, Firuzca 2.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...