"5-6 yeni tranfer etmək istəyirik" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"5-6 yeni tranfer etmək istəyirik" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Komandamızı ürəkdən təbrik edirəm. Həqiqətən də möhtəşəm uğurdur. Turnir ərzində yığmamızı izləyir, dəstəkləyir, qürur hiss keçirirdik. İnanırdıq ki, qrupdan çıxdıqdan sonra uğurlu çıxış etmək olar". SİA xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionluğu ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı jurnalistlərə açıqlamasında deyib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Tel-Əviv) klubu ilə düşmələrinə də toxunan Sadıqov özlərini avrokuboklardakı digər Azərbaycan təmsilçiləri ilə müqayisə etmək istəmədiyini söyləyib: "Bütün komandalarımıza uğurlar arzu edirəm. Əlimizdən gələni edib yaxşı mübarizə aparacağıq. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq".

Həmçinin Davit Volkovun "Zirə"dən incik ayrılması ilə bağlı xəbərlərə də münasibət bildirən baş məşqçi belə bir şey eşitmədiyini vurğulayıb: "Bizimlə müqaviləsi bitdi. Hamı daha yaxşı təklif, daha yaxşı sözləşmə, daha iddialı komanda istəyir. Futbolçunun klubu dəyişməsində müəyyən səbəblər ola bilər. Bu da futbolda olan şeylərdir. Gələcək karyerasında uğurlar arzu edirəm. Yaxşı komandaya gedib.

Düşünürəm ki, "Sabah" onun daha da inkişaf etməsində rol oynayacaq. Volkovun komandada qalmasını istəyirdim. O, seçimini etdi. Hörmətlə yanaşırıq. 5-6 yeni oyunçu almaq istəyirik. Amma transferlərimiz yubanır. Səbəb danışıqlar, rəqabət, maliyyə şərtləridir. Demək olar ki, hər bir xəttə yeni futbolçu gətirmək istəyirik. Seleksiyanı necə və nə zaman bitirəcəyimiz çox vacibdir. Bunların hamısı vaxt itkisidir. Nə qədər gec qoşulsalar, onların hazırlığına mənfi təsir edəcək. Ən vacibi yeni transferlərin bizə mümkün qədər tez qoşulmasıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə